REGİONLAR
Subsidiyanın verilməsi zaqatalalı arıçılar tərəfindən də böyük razılıqla qarşılanıb
Zaqatala, 21 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat məbləğində subsidiya verilməsi ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalar Zaqatala rayonunun arıçıları tərəfindən də böyük razılıqla qarşılanıb.
Azərbaycan Arıçılar Assosiasiyası Zaqatala rayon şöbəsinin rəhbəri, peşəkar arıçı Mövlüddin Qurbanəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dövlətimizin başçısının bilavasitə təşəbbüsü ilə atılan bu addım arıçılığın inkişafına böyük dəstəkdir: “Uzun illərdir ki, ailəmlə birlikdə arıçılıq sahəsində çalışıram. Hazırda təsərrüfatımda 500 arı ailəsi var. Deməli, mənə veriləcək subsidiyanın məbləği 5 min manat təşkil edəcək. Bu vəsait təsərrüfatımda olan arı ailələrinin mövsümlə əlaqədar digər ərazilərə köçürülməsi, arıların müalicəsi məqsədi ilə zəruri dərman preparatlarının alınması, həmçinin arı pətəklərinin hazırlanması, yeni arı ailələrinin yetişdirilməsi üçün tam yetərlidir”.
Assosiasiyanın rayon şöbəsinin rəhbəri bildirib ki, son dəqiqləşdirmələrə görə, Zaqatala rayonunda 460-dan çox arıçı qeydə alınıb. Hazırda onlara məxsus təsərrüfatlarda 21 mindən çox arı ailəsi var. Bu, o deməkdir ki, Zaqatala arıçıları növbəti beş il ərzində hər il dövlətdən 210 min manat subsidiya alacaqlar.
Mövlüddin Qurbanəliyev arıçılığın inkişafına göstərilən yüksək dövlət qayğısına görə, Zaqatala arıçıları adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.