SİYASƏT


Subyektliyə son ümidlər də puç oldu

Berlin, 12 noyabr, AZƏRTAC

Yaxın vaxtlara qədər beynəlxalq ekspert birliyində “Arsax” obrazı “de-fakto” mövcud olan, amma “de-yure” sona qədər formalaşmamış bir məfhum kimi qəbul edilir və ya təqdim olunurdu. Onu “de-yure” Azərbaycanın hissəsi (dırnaqsız), amma “de-fakto müstəqil” adlandırırdılar. Şəxsən mən bu mövqe ilə heç vaxt razı olmamışam, ona görə ki, mənim fikrimcə “de-fakto” terminini onun “müstəqilliyinə” yox, ilhaq olunmasına tətbiq etmək daha düzgün olardı. Onun “müstəqilliyi” “de-fakto” deyil, yalnız “bəyan edilmə” səviyyəsində mövcud olub.

İndi isə üçtərəfli Rusiya-Ermənistan-Azərbaycan bəyanatı (bu sənəd artıq “Kapitulyasiya haqqında akt” kimi tarixə düşüb) imzalanandan sonra “Arsax” hətta bəyan edilmə və “de-fakto” müstəvisində piar edilən subyektlik statusuna son ümidlərini də itirib. İndi o, nə müstəqildir, nə də ilhaq edilib. Ümumiyyətlə yoxdur! O, demək olar ki, azad edilib və lap yaxın vaxtlarda onun Azərbaycana dinc yolla reinteqrasiyası prosesi başlanacaq. Ermənistanın kapitulyasiyasının mahiyyəti də bundan ibarətdir ki, Azərbaycanın sadəcə əyilib yerdən qaldırmağa hazır olduğu statusu Ermənistan öz əli ilə ona verdi.

Əgər bütün bunlardan sonra İrəvanda və ya Qarabağın özündə kimsə hansısa “Arsax xalqı” və ya “Arsax prezidenti” barədə danışarsa, mən çox heyrətlənərəm. Belə bir xalq yoxdur, o yerin sakinləri var. “Prezident” isə çoxdan harayasa qaçıb.

Hərçənd, mən artıq çoxdandır ki, nəyəsə təəccüblənmirəm.

“Tanınmamış respublika” termini öz aktuallığını itirir, çünki Ermənistan Azərbaycanın qarşısında təslim olmaqla özünün nəinki “miatsum” (“yenidən birləşmə”) ideyasının, hətta son nəticədə Ermənistanla birləşmək yolunda ilk addım kimi aralıq “müstəqillik” ideyasının da sona çatdığını etiraf edir.

Ona görə hələ letargiya yuxusunda olan qonşularımıza məsləhət görərdim ki, reallıqla barışsınlar - “Arsax” de-yure əvvəldən də yox idi, indi isə hətta de-fakto da yoxdur. Amma Azərbaycanın ermənilər yaşayan rayonları var və həmin rayonlarda Azərbaycan Konstitusiyasının qüvvəsi həm de-yure, həm də de-fakto bərpa olunacaq.

İndi həmin rayonlar Azərbaycanın cənub, şimal və şimal-qərbində yerləşən, müvafiq surətdə etnik talışların, ləzgilərin, avarların və başqalarının yaşadığı rayonlardan heç nə ilə fərqlənməyəcək. Yeganə fərq ondan ibarət olacaq ki, qanuna itaət edən bu rayonlardan fərqli olaraq Azərbaycanın ermənilər yaşayan rayonlarının perimetri boyunca sülhməramlılar yerləşəcək.

Bu, kapitulyasiyanın ən mühüm şərtidir və unutmayın ki, əgər Paşinyan bu şərtləri qəbul etməsəydi, Azərbaycan bayrağı sayılı günlər ərzində Xankəndidə ucaldılar, bu şəhərin əhalisi isə oranı tərk edər və daha heç vaxt oraya qayıtmazdı.

Mən bunları lovğalanmaq üçün yazmıram. Bu, Araik Arutyunyanın acı etirafıdır (ümidvaram ki, o, üzərində “arsax respublikasının prezidenti” sözləri çap edilmiş bütün vizit vərəqlərini yandırmaq üçün özündə cəsarət tapacaq). Bu, kapitulyasiya barədə akt imzalanandan bir neçə gün əvvəl (gərək ki, noyabrın 2-dən başlayaraq) Paşinyana Bakının şərtlərini qəbul etməsi üçün yalvaran Ermənistan silahlı qüvvələrinin baş qərargahının etirafıdır.

Əgər Paşinyan təslim olmasının qəbul edilməsi xahişi ilə vaxtında müraciət etməsəydi, Dağlıq Qarabağın hələ işğaldan azad edilməmiş rayonları sayılı günlər ərzində azad edilər və onların da aqibəti Hadrut kimi olardı. Səmimi deyirəm, mən çox istərdim ki, Azərbaycanın Qələbə bayrağı Xankəndidə “reyxstaq” üzərində qaldırılsın. Mənim və milyonlarla həmvətənimizin bu istəyimizi boğmağa məcbur edən yeganə səbəb o idi ki, həmin “ləzzətli” səhnə xatirinə bizim qəhrəman övladlarımızın bir damla qanı axıdılmalı olardı.

Ona görə ümid edirəm, İrəvanda da, Xankəndidə də başa düşürlər ki, Bakının Paşinyanın kapitulyasiyasını qəbul etməyə razılaşması ona kənardan təzyiqin nəticəsi deyil (artıq bunu anlamağın vaxtıdır ki, Bakı hər hansı kənar təzyiqlərə qarşı tamamilə immundur), çox böyük güzəşt idi: rəsmi Bakı alicənablıq edərək, Azərbaycan Ordusunun hələ gedib çatmadığı, amma cəmi bir neçə gün ərzində çata biləcəyi yerlərdə etnik ermənilərin bundan sonra da yaşamasına razılıq verib. İndi məlum olub ki, Azərbaycan Ordusunun hissələri Xankəndiyə yaxınlaşanda şəhərdə cəmi yüz nəfər müdafiəçi qalmışdı, bu isə müxtəlif istiqamətlərdən hücuma keçən Azərbaycan Ordusunun çoxminlik qruplaşması qarşısında çox cüzi idi. Bütün bunlara baxmayaraq artıq indidən erməni KİV-lərində qisas almaq, Kür çayına yaxınlaşmaq barədə çağırışlar dərc edilir.

Sizin ağlınız varmı? Siz Azərbaycandan tamamilə və birdəfəlik qaçmaq həddində idiniz. Bir həftə də belə davam etsəydi, Xankəndi, Xocavənd, Əsgəran, Ağdərə də “hadrut” və “şuşa” olardı. Sizin xəyalınız ümumiyyətlə hansı səmada uçur? Sizə Azərbaycanda qalmaq və bu ölkənin vətəndaşları kimi yaşamaq imkanı verilib. Qoy məni söysünlər, lap daşqalaq etsinlər, amma mən hesab edirəm ki, gərək sizə belə imkan verilməyəydi! Xüsusən Ermənistanda ərazisi Azərbaycanın Şuşa rayonu ilə birlikdə keçmiş DQMV-nin sahəsindən 1,5 dəfə böyük olan ərazidə yaşayan 212.000 Azərbaycanlı tamamilə qovulandan sonra. Şəxsən mən istərdim ki, Qarabağ erməniləri azərbaycanlıların Ermənistanda qoyub gəldikləri kəndlərə və şəhərlərə köçürülsünlər. Amma sizin Azərbaycanda qalmağınıza imkan verilib. Bəli, bu, böyük alicənablıqdır. Amma bir daha təkrar edirəm: mənim fikrimcə, siz buna layiq deyilsiniz! Bu, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə böyük haqsızlıqdır. Buna görə də Kür çayına, Xəzər dənizinə yaxınlaşmaq və ya “türkləri dənizə atmaq” barədə fikirləri başınızdan çıxarın. Bəlkə kifayətdir? Kapitulyasiyanı siz xahiş etdiniz və biz bu xahişi qəbul etdik. Amma gəlin iş barədə danışaq.

İş isə belədir: arsax daha yoxdur və olmayacaq. Nə de-fakto, nə də bəyanat şəklində. Elə bir subyekt yoxdur və olmayıb. Amma azərbaycanlılarsız (sevinin!) Ermənistan və Azərbaycanın əsasən ermənilər yaşayan rayonları var. Bu, arzu ediləni həqiqət kimi qələmə vermək deyil, on the ground və ya status-kvo post bellum belədir. Söhbətə bu nöqtədən başlayacağam.

Nikolun imzaladığı kapitulyasiya aktından belə başa düşdüm ki, bu il dekabrın 1-də onun arzusu, nəhayət ki, çin olacaq – Ermənistan daha münaqişə tərəfi (artıq həll edilmiş münaqişə) olmayacaq, Azərbaycan Qarabağ erməniləri ilə danışıqlar masası arxasında əyləşəcək. Amma son otuz ildə İrəvanda istədikləri kimi deyil, “dövlət-dövlət” formatında deyil, “hökumət – vətəndaşlar” formatında. Başqa sözlə desək dekabrın 1-dək Ermənistan silahlı qüvvələrinin sonuncu hərbi qulluqçusu Azərbaycan ərazisini tərk edəndə və Qarabağın sonuncu silahlı sakini silahı yerə qoyanda Ermənistan-Azərbaycan dövlətlərarası münaqişə hökumət ilə region arasında dövlətdaxili münaqişəyə çevrilmədən başa çatacaq. Ermənistan tərəfi üçün tam fiasko ilə başa çatmış otuz illik münaqişə onu ən böyük arzusundan – hər hansı status ümidindən məhrum etdi. Halbuki ona ən geniş muxtariyyət təklif edilmişdi. Sadəcə, formal olaraq özünün Azərbaycanın tərkib hissəsini olmasını etiraf etməsi və bu ölkənin vətəndaşları adlanması, daha sonra az qala müstəqil dövlət kimi yaşaması təklif edilmişdi.

Onlar razılaşmadılar, daha çox istədilər. Azərbaycanlıları ələ salır, alçaldır, onlara gülürdülər... Azərbaycanlılar isə bütün bunlara dözür, onları inandırmağa çalışırdılar.

İndi artıq nə referendum olacaq, nə də status – nə aralıq, nə də son status. Onlar “müstəqil” dövlətdə yaşadılar, hətta özlərinə bayraq da icad etmişdilər, himn yazmışdılar, bəzi paytaxt şəhərlərində “səfirliklər” açır, amma utandıqlarından onları QHT statusu ilə gizlədirdilər. Bütün bunlar oldu, keçdi. İndi hər şey öz yerinə qayıdır. Onlar Azərbaycanın 10 milyon digər vətəndaşından heç nə ilə fərqlənməyəcək. Əgər bu variant xoşunuza gəlmirsə çıxın gedin. Arsaxın subyekt statusu isə yoxdur və olmayacaq.

Hərçənd, belə bir status heç vaxt olmayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.