CƏMİYYƏT


Süd vəzinin mastiti və mastitəbənzər xərçəngi

Bakı, 25 aprel, AZƏRTAC

Süd vəzinin mastitəbənzər xərçəngi və onun müalicəsi müasir onkologiyanın vacib məsələlərindən biridir. Şişlərin bu növü süd vəzi xərçəngi arasında xüsusi yer tutur. Süd vəzinin mastitəbənzər xərçəngi qəfil başlanması, sürətli inkişafı, spesifik klinik şəkli və qısa zaman daxilində metastaz verməsi ilə xarakterizə olunur. Hətta 1950-70-ci illərdə bu xəstəlik süd vəzinin xəstəlikləri arasında ayrı klassifikasiya olunurdu.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının mamoloq-radioloqu Günel Qəmbərova məlumat verib.

Mütəxəssis, həmçinin deyib: “Süd vəzi xərçənginin bu növü istər diaqnostiklər, istər klinistlər üçün diaqnozu çətinliklə qoyulan xərçəng növüdür. Belə ki, mastitəbənzər xərçəngi mastitdən fərqləndirmək tələb olunur. Mastit süd vəzinin iltihabi xəstəliyidir, əsasən laktasiya dövrünün 6-12-ci həftəsində rast gəlinir. Ancaq buna baxmayaraq, qeyri-laktasiya dövründə də mastit yarana bilər. Bu zaman o, mütləq mastitəbənzər xərçəngdən diferensiasiya olunmalıdır. Mastitəbənzər xərçəng kimi mastit də dərinin hiperemiyası, ödem, ağrı, lokal temperaturun qalxması kimi şikayətlərlə başlayır. Buna görə də çox vaxt qadınlar onlarda bu əlamətlərin mastit olduğunu düşünərək irinli prosesdən azad olmaq üçün cərrahlara müraciət edirlər. Hətta bəzən müalicə fizioterapiya ilə davam etdirilir. Çox təəssüf ki, bəzən mastitəbənzər xərçəngə dəqiq erkən diaqnoz qoymaq üçün nə ultrasəs müayinə, nə də mamoqrafiya kömək etmir. Hələ də başqa qeyri-invaziv şüa diaqnostik metodlar işlənib hazırlanmayıb.

Mastitəbənzər xərçəng sürətli inkişafı və aqressiv gedişatı ilə fərqlənir, buna görə də mamoloq və onkoloq tərəfindən müayinə olunmalıdır. Müayinələr zamanı tətbiq edilən punksion biopsiya materialın kifayət qədər olmaması səbəbindən əlverişsizdir. Buna görə də keyfiyyəti daha yüksək olan trepan biopsiya icra olunur. Mastitəbənzər xərçəng şübhəsi olanlarda isə mütləq immunhistokimyəvi biopsiya da aparılır”.

G.Qəmbərova qeyd edib ki, süd vəzilərində mastit kimi şikayətlər varsa, mütləq həkimə müraciət olunmalıdır. Əgər bir həftəlik antibiotik qəbulundan sonra mastit şikayətləri aradan qalxmırsa, detallı müayinə və kompleks yanaşma üçün mamoonkoloqun müayinəsindən keçmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.