CƏMİYYƏT
Süd vəzinin sarkoması qısa müddətdə ağciyər və sümükləri zədələyə bilər
Bakı, 18 sentyabr, AZƏRTAC
Süd vəzinin sarkoması nədir və vaxtında aşkar olunmadıqda nə kimi fəsadlar yarada bilər?
AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının aparıcı həkimi, mamoloq-radioloq Günel Qəmbərova universitetin mətbuat xidmətinə bu barədə məlumat verib.
Həkim deyib: “Sarkoma süd vəzinin birləşdirici toxumasının qeyri-epitelial şişidir. Qadınlar arasında bu növ problemə demək olar ki, bütün yaş qruplarında rast gəlmək mümkündür. Sarkomanın ən qorxulu cəhəti bir neçə ay ərzində sürətlə inkişaf edərək böyük bir kütlə halına çatmasıdır. Sarkoma tez bir zamanda qanla yayılaraq hematogen metastaz verir və qısa vaxtda ağciyər və sümüklər zədələyir. Bəzi hallarda süd vəzi xərçənginin yaranmasında konkret bir risk faktoru olmur, bu baxımdan qadınların mütəmadi olaraq müayinələrdən keçməsi vacibdir. Belə ki, hər bir qadın risk altında ola bilər. Onu da qeyd edim ki, süd vəzi xərçəngi bütün xərçəng növlərindən fərqli olaraq erkən aşkarlandıqda müalicəyə tabe olan ən asan xərçəng növüdür”.