DÜNYA
Sudan Ordusu hakimiyyəti vaxtından əvvəl mülki hökumətə qaytara bilər
Bakı, 12 aprel, AZƏRTAC
Sudan Ordusu ölkədə yaranan vəziyyətin nəzərəçarpacaq dərəcədə düzələcəyi təqdirdə hakimiyyəti vaxtından əvvəl mülki hökumətə qaytarmaq variantını müzakirə edir.
AZƏRTAC Al Jazeera telekanalına istinadla xəbər verir ki, bu barədə Sudan hərbi şurasının siyasi komitəsinin rəhbəri general Ömər Zeyn əl-Abidin Xartumda keçirilən mətbuat konfransında deyib.
“Biz əvvəlcə iki illik keçid dövrü müəyyən etmişdik. Eyni zamanda, əgər Sudanda vəziyyətin düzəldiyini görsək və xalq mövcud problemlərin dəqiq həllini tapa bilsə, bu müddəti qısalda bilərik”, - deyə general bildirib.
Həmçinin general hərbçilərin mülki hakimiyyətin fəaliyyətinə qarışmayacağını da vəd edib.
Şura ölkədə fəaliyyət göstərən siyasi gücləri dialoqa və konsensusa çağırıb: “Bu gündən siyasi qüvvələrlə dialoqa başlayırıq. Hədəfimiz ölkədə sabitliyi və təhlükəsizliyi bərpa etməkdir. Bütün partiyaları Sudanın gələcəyinin formalaşdırılmasında iştiraka dəvət edirik”. Generalın sözlərinə görə, ordunun ölkədə hakimiyyəti qəsb etmək kimi ambisiyası yoxdur.
Sudan Ordusu vəzifədən kənarlaşdırılan prezident Ömər əl-Bəşiri dəstəkləyən sabiq hakim “Milli konqres” partiyasını da gələcək seçkilərə buraxmağa söz verib.
Aprelin 11-də Sudan Ordusu təcili iclas keçirərək ölkə Prezidenti Ömər əl-Bəşir və onun köməkçilərini bütün vəzifələrdən kənarlaşdırmaq və hökuməti istefaya göndərmək barədə qərar qəbul edib. Hərbi çevriliş nəticəsində dövlət başçısı Ömər əl-Bəşir, ölkənin sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunub. Sudanın beynəlxalq aeroportu bağlanıb, ölkə ərazisində 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.
2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. Bir neçə aydır ki, davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb, bir neçə min nəfər isə həbs olunub.