DÜNYA
Sudanda baş verən etiraz aksiyası zamanı üç nəfər ölüb
Bakı, 10 yanvar, AZƏRTAC
Sudanda baş verən etiraz aksiyası təhlükəsizlik qüvvələri tərəfindən dağıdılıb. Polisin müdaxiləsi ilə qarşısı alınan aksiyada 3 nəfər ölüb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Sudan Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi general Əli Əbdülrəhim bu barədə məlumat verib. O bildirib ki, Omdurman şəhərində baş verən aksiya dayandırılıb. Hazırda polis ərazidə nəzarəti gücləndirib.
General Əli Əbdülrəhim qeyd edib ki, iğtişaş nəticəsində xeyli sayda insan yaralanıb.
Qeyd edək ki, Sudanda aksiyalar hökumətin çörəyin qiymətinin artırılması ilə bağlı qərarından sonra başlayıb. Etiraz aksiyaları ölkənin Omdurman, Atberta, Port-Sudan şəhərlərində baş verib.