DÜNYA
Sudanda etnik münaqişə zəminində 48 nəfər öldürülüb
Qahirə, 18 yanvar, AZƏRTAC
Sudanın Qərbi Darfur bölgəsində etnik qruplar arasında toqquşmalar zamanı 48 nəfərin öldüyü, 100-dən çox yaralı olduğu bildirilir. AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin rəsmi SUNA informasiya agentliyi məlumat yayıb.
Əyalətin paytaxtı Geneinada toqquşmalar şənbə günü bir nəfərin bıçaqlanması ilə başlayıb və bazar günü qırğına çevrilib. Sudanın Baş naziri Abdalla Həmduk hökumətin təcili iclasında əyalətdə fövqəladə vəziyyət elan edib. Toqquşmaların qarşısını almaq məqsədilə bölgəyə ordu birləşmələri yeridilib.
Darfurda etnik zəmində münaqişələr 2003-cü ildə başlayıb və milyonlarla insanın öz evlərini tərk etməsinə səbəb olub. Son illər sülh prosesi müəyyən nəticələr versə də, münaqişələr yenidən alovlanıb. BMT-nin və Afrika İttifaqının sülhməramlılarının səyləri də boşa çıxıb. Qanlı hadisələrdə təqsirli bilinən və 2019-cu ildə hakimiyyətdən kənarlaşdırılan keçmiş dövlət başçısı Ömər əl-Bəşir isə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən müharibə cinayətləri ittihamı ilə axtarışa verilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə