DÜNYA


Sudanın keçid Hərbi Şurasının başçısı ölkənin idarəçi Suveren Şurasına rəhbərlik edəcək

Əddis-Əbəbə, 18 avqust, AZƏRTAC

Sudanın keçid Hərbi Şurasının başçısı Əbdül Fəttah əl-Burxan ölkənin idarəçi Suveren Şurasına rəhbərlik edəcək. Onun müavini Məhəmməd Həmdan Daqalo və general-leytenant Yaser al-Atta isə Suveren Şuranın tərkibinə daxil olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Sky News Arabia” kanalı Hərbi Şuranın rəsmi nümayəndəsi Şəmsəddin Kabbaşiyə istinadla məlumat yayıb.

Xatırladaq ki, Sudanda hərbçilər hakimiyyəti rəsmən mülki şəxslərə təhvil veriblər. Paytaxt Xartumda ölkənin Hərbi Şurası və əsas müxalifət birliyi olan “Azadlıq və dəyişikliklər” alyansı arasında Konstitusiya Bəyannaməsi və siyasi sazişin yekun variantı imzalanıb. Ölkədə keçid dövrünün əsas prinsiplərini ehtiva edən bu sənədlərdə hərbçilərin tədricən hakimiyyəti mülki şəxslərə təhvil verməsi mexanizmi və ölkənin siyasi quruluşunun əsas müddəaları təsbit olunub.

İdarəçi Suveren Şuranın yaradılması Konstitusiya Bəyannaməsinin əsas müddəalarından biridir. Şuraya 11 nəfərin, o cümlədən 5 nəfərin Hərbi Şuradan, 5 nəfərin “Azadlıq və dəyişikliklər” müxalifət alyansından və 1 nəfərin hər iki tərəfin razılığı əsasında daxil olacağı bildirilir. Ən azı üç il müddətində fəaliyyət göstərəcək Suveren Şuranın tam formalaşdırılmasından sonra keçid Hərbi Şurasının buraxılacağı nəzərdə tutulur.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.