İQTİSADİYYAT


“Südçülük təsərrüfatlarının dayanıqlılığı və sürü sağlamlığı üçün əsas indikatorlar” mövzusunda forum keçirilib

Bakı, 8 avqust, AZƏRTAC

Dövlət-Özəl tərəfdaşlığı çərçivəsində İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), Kənd Təsərrüfatı Nazirliyinin və “Yalama Aqropark” MMC-nin birgə təşkilatçılığı ilə “Südçülük təsərrüfatlarının dayanıqlığı və sürü sağlamlığı üçün əsas indikatorlar” mövzusunda forum keçirilib.

İZİA-dan AZƏRTAC-a bildirilib ki, aidiyyəti dövlət qurumlarının, aqrar sahədə aparıcı şirkətlərin rəhbərləri, yerli və xarici mütəxəssislərin iştirak etdikləri forumda İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Zamir Dibirov ölkədə fəaliyyət göstərən aqroparklar barədə məlumat verib. Diqqətə çatdırılıb ki, hazırda respublikanın 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-si isə emal sənayesi üzrə ixtisaslaşıb. Sözügedən aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır.

“Yalama Aqropark” MMC-nin İdarə Heyətinin sədri Sərdar Hacıyev “Yalama Aqropark”ın Azərbaycanda südçülüyün inkişafındakı rolu, əsas fəaliyyət sahələrindən danışıb.

Tədbirdə iştirak edən yerli və xarici mütəxəssislər “Yemləmə xətalarının fəsadları və onların iqtisadi analizi”, “Müxtəlif yemləmə konseptlərinin süd istehsalının səmərəliliyinə təsiri”, “Silos və senajın keyfiyyəti”, “Genetika südçülükdə əsas faktor kimi” mövzularında təqdimatla çıxış ediblər.

Sonda tədbir iştirakçıları tərəfindən mövzuya dair səsləndirilən suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.