CƏMİYYƏT
“Süfrə” jurnalının ilk nömrəsi çapdan çıxıb
Bakı, 15 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət-sahibkar-vətəndaş münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülməklə yanaşı, sağlam qidalanma ilə bağlı istehlakçıların maarifləndirilməsi sahəsində də vacib addımlar atılır.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, istehlakçıların və istehsalçıların maarifləndirilməsi işlərinin genişləndirilməsi və daha da təkmilləşdirilməsi məqsədi ilə qida təhlükəsizliyi və qida sektoru ilə bağlı ən aktual məlumatları özündə əks etdirən “Süfrə” elmi-kütləvi jurnalın ilk nömrəsi çapdan çıxıb.
Jurnalın ilk nömrəsində qida mövzusunda müxtəlif oxucu kateqoriyası üçün maraqlı olan məlumatlar, qida təhlükəsizliyi ilə bağlı ölkəmizdə aparılan elmi araşdırmalar, qida məhsulları alarkən diqqət yetirilməsi vacib olan məsələlərlə əlaqədar maarifləndirici yazılar dərc olunub.
“Süfrə” jurnalı “Bələdçi”, “Obyektivdə”, “Bizdə yoxdur”, “Fikir üçbucağı”, “Qida Akademiyası”, “Etiket”, “Sual var”, “Yoxlama”, “Sağlamlıq məktəbi” və digər maraqlı rubrikalarla vaxtaşırı olaraq oxucuların görüşünə gələcək.