SİYASƏT
Şükrü Genc: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər bütün bəşəriyyətdə sülh üçün mübarizə aparmış insanlardır
İstanbul, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü İstanbulda qeyd etmək olduqca qürurvericidir.
Millətlər öz liderləri ilə var olurlar. Məhz bu baxımdan türk milləti Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi dahi liderləri olduğu üçün çox şanslıdır. Heydər Əliyev kimi tarixi şəxsiyyətlər öz ölkəsinin müstəqilliyi ilə yanaşı, həm də bütün bəşəriyyətdə sülh üçün mübarizə aparmış insanlardır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genc ifadə edib.
O bildirilib ki, Sarıyer bələdiyyəsi olduqca şanslıdır. Çünki İstanbulun ən qədim tarixi bölgələrindən biri olan Sarıyerdə, Heydər Əliyev kimi dahi şəxsiyyətin adını daşıyan küçə və park var. Üstəlik burada bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb edən iki tarixi şəxsiyyətin - Heydər Əliyev və Mustafa Kamal Atatürkün abidələri ucaldılıb.
Sarıyerdə yerləşən “Azərbaycan” prospekti barədə danışan bələdiyyə sədri deyib: “Artıq bildiyiniz kimi, Avropanın ən qabaqcıl ticarət səmtlərindən, İstanbulun isə ən işlək yollarından biri olan "Cendere” prospektinin adı "Azərbaycan" prospekti olaraq dəyişdirilib. Bu, ölkələrimiz arasındakı bağın bir nişanəsidir. Xüsusilə şanlı Qarabağ Zəfərindən sonra bələdiyyə məclisimiz tərəfindən belə bir qərarın alınması hər birimiz üçün olduqca sevindirici hadisə oldu".
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul