MƏDƏNİYYƏT
Sularda yaranan poeziya...
Bakı, 5 yanvar, AZƏRTAC
Şair Səxavət Ənvəroğlunun “Sətir-sətir oxu məni” adlı şeirlər kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Ecoprint” nəşriyyatında nəşr olunan kitaba şairin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib.
Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimlərə ehtiram, sevgidə sədaqət və doğmalara qayğı şeirlərin ana xəttini təşkil edir. Müxtəlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən həmin şeirlər Səxavət Ənvəroğlunun poetik dünyasının ən son nümunələridir.
Vətənimizin dilbər guşələrindən olan Quba rayonunun Qımıl kəndində dünyaya göz açan S.Ənvəroğlu ixtisasca dənizçidir, ömrünün yarısından çoxu sularda Vətənə xidmətdə keçib. Çox vaxt həmdəmi dəniz olub. Xəzər bir çox söz-sənət adamları kimi S.Ənvəroğlunun ilham mənbəyi olub, onun bu mövzuya həsr olunan saysız-hesabsız sənət inciləri meydana gəlib.
Kitaba Bakı Dövlət Universitetinin dosenti, şair-publisist Anar Məmmədov “Sularda yaranan poeziya” adlı “Ön söz” yazıb.