REGİONLAR


“Suların inteqrasiyalı idarə edilməsi iqlim dəyişikliklərinə uyğunlaşdırılmanın aləti kimi” mövzusunda təlim

Qəbələ, 5 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Avqustun 5-də Qəbələ şəhərində “Suların inteqrasiyalı idarə edilməsi iqlim dəyişikliklərinə uyğunlaşdırılmanın aləti kimi” mövzusunda təlim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir BMT-nin İnkişaf Proqramı (BMTİP) və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində birgə təşkil olunub.

BMTİP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev çıxış edərək suların və selin inteqrasiyalı idarəetmənin dövrün iqlim dəyişmələrinə müvafiq qurulmasının bu sahədə müsbət nəticələr əldə etməkdə vacib olduğunu bildirib və keçirilən təlimin ölkə səviyyəsində böyük töhfələr verəcəyini xüsusi qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azakov qeyd edib ki, hazırda iqlim dəyişikliyi və onun törətdiyi fəsadlar Azərbaycan üçün çox mühüm məsələ hesab olunur. Belə tədbirlərin regionlarda tez-tez və davamlı olaraq keçirilməsi əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edəcək.

Təlim zamanı iştirakçılar iqlim dəyişikliyi haqqında məlumatlandırılıb və bunun təsirinin azaldılması istiqamətində ətraflı müzakirələr aparıblar. Həmçinin iştirakçılar su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi modelini və ondan istifadə vasitələri haqqında ətraflı məlumatlandırılıblar. Məlumat verilib ki, layihənin əsas məqsədi Azərbaycanda xüsusən də Böyük Qafqazın dağlıq icmalarında su və selin idarə edilməsi sistemlərini təkmilləşdirmək və iqlimlə bağlı daşqın və su basmalarının təsirlərini azaltmaqdır. Layihə adaptasiya ehtiyaclarına cavab verən su və daşqın idarəsi sistemlərini dəyişməkdə kömək göstərəcək və iqlim riskləri idarəetməsini təkmilləşdirəcək, lazımi qurumların su və daşqın risklərinin azaldılması üçün idarəetmədə qabaqcıl təcrübə tətbiq etmək bacarıqlarını formalaşdıracaq, yerli iqlim riskləri idarəçilik təcrübələrini təqdim etməklə ictimaiyyətin daşqın və su risklərinə qarşı dözümlülüyünü artıracaq. Bu imkanların yerli səviyyədə tətbiqinin müzakirəsi və müəyyənləşdirilməsi üçün tədbirlərin təşkili vacib sayılıb. Müzakirələr zamanı əldə ediləcək nəticələr müvafiq layihə komponentlərinin hazırlanmasında yardımçı olacaq.

Xatırladaq ki, təlimdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərsu” ASC, BMTİP və rayon icra hakimiyyətinin nümayəndələri, layihənin beynəlxalq və yerli ekspertləri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.