CƏMİYYƏT
“Sülh, Təhlükəsizlik və Ədalət!” Gənclər Kampaniyasına start verilib
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın Tovuz rayonu istiqamətində ordumuzun mövqelərinə hücuma keçiblər. Azərbaycan Ordusunun sayıqlığı və yüksək peşəkarlığı sayəsində Ermənistan silahlı bölmələrinə layiqli cavab verilib, düşmənin çoxlu sayda hərbi texnika və sursatı, eyni zamanda, canlı qüvvəsi məhv edilib. Ermənistan bu addımı ilə beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrini pozur, təhqir edir və beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan quruma total hörmətsizlik nümayiş etdirir. Ermənistanın bu addımı həm də onun işğalçı ölkə olduğuna daha bir sübutdur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iyulun 20-də müraciətində “Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında”, - deyə bildirib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik-2020” Gənc Liderlər Proqramının iştirakçıları bu çağırışa öz əməli fəaliyyəti ilə cavab olaraq düşmənin yalan və iftiralarının qarşısının alınması, Azərbaycanın haqq səsinin bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi ilə birgə iyulun 23-dən “Sülh, Təhlükəsizlik və Ədalət!” Gənclər Kampaniyasına start verib.
Məqsəd Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, etnik təmizləmə, soyqırımı və deportasiya siyasətinə dair tarixi və hüquqi sənədləri, Qarabağın mədəniyyəti, İrəvan xanlığı, erməni terroru və ermənilərin Qarabağa köçürülməsi və s. faktlara əsaslanan məlumatları BMT-nin üzvü olan ölkələrin dövlət və hökumət başçılarının, parlamentlərinin, Xarici İşlər nazirliklərinin və beynəlxalq təşkilatların sosial media hesablarında kütləvi şəkildə yerləşdirilməsinə nail olmaqdır.
Bununla əlaqədar gənclər kampaniyada fəal iştiraka dəvət edilir. Bunun üçün “Facebook” və “Twitter” hesablarından paylaşmaq üçün Azərbaycan, türk, ingilis, fransız və rus dillərində hazırlanmış məlumat bazasından istifadə edilməsi nəzərdə tutulub. Kampaniyaya qoşulmaq istəyən gənclər aşağıdakı linkə keçid alaraq hazırlanmış məlumat bazasından istifadə edə bilərlər - https://www.facebook.com/notes/g%C9%99nc-link/peace-security-and-justice-youth-campaign/763112447782978/.