REGİONLAR
Sülh mövzusu ərazisinin 20 faizi işğal edilən Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir
Bərdə, 21 sentyabr, AZƏRTAC
Sülh mövzusu Ermənistanla müharibə şəraitində yaşayan, ərazisinin 20 faizi işğal edilən, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın təcavüzü nəticəsində öz vətənlərində didərginə dönüblər, ev-eşiklərindən, sərvətlərindən məhrum olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş “Gənclər sülhə səsləyir” adlı videokonfransda səsləndirilib.
Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov bildirib ki, 1981-ci ildən bəri bütün dünyada “Sülh Günü” kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşamaq arzusudur.
A.Qasımov diqqətə çatdırıb ki, ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilən Azərbaycan həmişə münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi. Bu il Azərbaycan ilə Ermənistan arasında atəşkəs haqqında sənədin imzalanmasından 26 il keçir. Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrin heç birinə əməl etmir. Ermənistan silahlı birləşmələri atəşkəs rejimini daim pozur, cəbhədə təxribatlar törədir.
Videokonfransda çıxış edən İctimai Televiziyanın Qarabağ üzrə bölgə müxbiri, AMEA-nın Fəlsəfə İnstitutunun dissertantı Şöhrət Eyvazov deyib: "Azərbaycan uzun illərdir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparır. Lakin bölgədə sülhün və sabitliyin qorunması istiqamətində aparılan bu siyasətə cavab olaraq ermənilər çirkin əməllərindən əl çəkməməkdə davam edirlər. Ermənistan hərbi birləşmələrinin təmas xəttində müntəzəm olaraq atəşkəsi pozması, iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində təxribatçı hərəkətləri nəticəsində Azərbaycan ordusunun şəhidlər verməsi hər birimizdə təəssüf hissi yaradıb. Lakin ordumuzun qətiyyətli cavabı sayəsində düşmən təxribatının qarşısı alınıb. Əminəm ki, Azərbaycanın işğal altında olan bütün əraziləri tezliklə azad olacaq".
Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının məsul şəxsi Elmir Məmmədov ölkəmizdə sülhün qorunması, insanların əmin-amanlıq şəraitində yaşaması üçün Prezident İlham Əliyev tərəfindən aparılan siyasətdən bəhs edib. Bildirib ki, gənclər Prezidentin bu siyasətini dəstəkləyir, eyni zamanda, hər an Vətənimizin, milli dövlətçiliyimizin, ərazi bütövlüyümüzün müdafiəsi naminə döyüşməyə hazırdırlar.
Gənclərin İnkişaf və Karyera Mərkəzi, Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri mövzu ilə bağlı fikrilərini bildiriblər. Videokonfransda Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Fidan Nəsirlinin “Sülh mədəniyyəti” mövzusunda çıxışı dinlənilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.