İQTİSADİYYAT
Sultan Hacıyev: Milli Şəhərsalma Forumu azad olunmuş ərazilərimizdə tətbiq edilən yeniliklərin nümayişi baxımından əhəmiyyətlidir
Bakı, 6 oktyabr, AZƏRTAC
İşğaldan azad edilən ərazilərdə dövlətimizin başçısının rəhbərliyi ilə irimiqyaslı bərpa və yenidənqurma işləri aparılır, dünyada mövcud olan ən qabaqcıl həllər yolu, sistemlər və yanaşmalar tətbiq edilir. Bu yeniliklərin ilkin nəticələrinin təbliği və nümayişi baxımından Azərbaycan Milli Şəhərsalma Forumu böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nümayəndəsi Sultan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Milli Şəhərsalma Forumunun təşkilində Azərbaycan ilə əməkdaşlıq və tərəfdaşlıq edən, şəhərlərin inkişafı və şəhərsalma sahəsində BMT-nin ixtisaslaşmış qurumu olan UN-HABITAT tərəfindən bu günə qədər görülən işlərə yüksək qiymətin verildiyi Forumda səslənən fikirlərdən aydın oldu: “Bu qiymət ölkəmizin bu sahədə apardığı işin böyük uğurunu nümayiş etdirir. Eyni zamanda, Forumun ilk gününün Ağdamda yüksək səviyyədə təşkili, tədbirin keçirildiyi məkanın 80 gün ərzində inşası Azərbaycanın prioritet məqsədlərindən biri olan azad edilən ərazilərin həyata qaytarılması istiqamətində inamla irəliləyişini növbəti dəfə təsdiqlədi”.