REGİONLAR
Sumqayıt Dövlət Dram Teatrında iki əlamətdar hadisə eyni vaxtda qeyd olunub
Sumqayıt, 10 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Bu gün milli teatrımızın yaranmasının 146-cı ili tamam olur. Eyni zamanda, Sumqayıt Dövlət Dram Teatrı 1969-cu il martın 14-də ilk dəfə Gənclər Teatrı adı ilə öz qapılarını tamaşaçıların üzünə açıb. Teatrda ilk dəfə M.F.Axundzadənin “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” komediyası nümayiş olunub. Bu əlamətdar tarixlər məhz bu gün Sumqayıt Dövlət Dram Teatrında qeyd edilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə M. F. Axundzadənin "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası yeni quruluşda Sumqayıt tamaşaçılarına və qonaqlara təqdim olunub.
Teatrın ilk tamaşasına Cənnət Səlimova, müasir versiyasına isə Firudin Məhərrəmov quruluş verib.
Tamaşadan əvvəl teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək bayram münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü zamanı qaldırılan sosial problemlərin anında həll olunması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. O cümlədən Sumqayıt Dövlət Dram Teatrının inzibati binasının müasir standartlara uyğun əsaslı təmiri və yenidən qurulması yaradıcılıq uğurlarına rəvac verir.
İlk tamaşanın yubileyinin qeyd olunmasını hamı üçün əsl bayram kimi dəyərləndirən teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov 50 il ərzində teatrın keçdiyi zəngin yaradıcılıq yolundan danışıb.
Daha sonra çıxış edənlər son zamanlar teatrın repertuarında yer alan çeşidli tamaşaların bədii dəyərindən, tamaşaçı ilə teatr arasında ünsiyyətin gücləndirilməsi sahəsində aparılan yeni layihələrdən, beynəlxalq festivallara hazırlıqdan, həmçinin Sumqayıt şəhərinin 70 illiyinə həsr olunacaq yeni tamaşadan söz açdılar.
Sonra tamaşa təqdim olunub.
Tamaşaçılar teatrın 50 illik yaradıcılıq yolunu əks etdirən sərgi ilə də tanış olublar.