REGİONLAR


Sumqayıt Dövlət Dram Teatrında yeni layihə

Sumqayıt, 12 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında bundan sonra kiçik yaşlı tamaşaçılar üçün hazırlanmış tamaşaları məktəblilər özləri müzakirə edəcəklər. Teatr rəhbərliyi alternativ bədii şura yaradılması barədə qərar verib.

Bu barədə AZƏRTAC –ın müxbirinə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov məlumat verib. Direktor bildirib ki, uşaqlar üçün hazırlanmış tamaşaların ictimai baxışında teatrın bədii şurasından əlavə, Sumqayıt şəhər 22, 28, 31, 34 saylı tam orta məktəblərin, Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyin, “Təfəkkür” və “İstedad” liseylərinin əlaçı və ədəbiyyata, incəsənətə maraq göstərən şagirdlərinin təmsil olunacağı digər bədii şura üzvləri də iştirak edəcəklər. Onlar əsəri müzakirə edəcək, aktyor oyunu, rejissor işi, tamaşanın musiqisi, tərtibatı barədə fikirlərini bildirəcəklər.

“Nümunəvi və fəal uşaqlar arasından seçilmiş alternativ bədii şura hazırladığımız tamaşalar haqqında uşaqların fikirlərini, istək və arzularını öyrənmək üçün çox önəmlidir. Biz, eyni zamanda, bununla orta məktəb şagirdlərinin nitq mədəniyyətinin, məntiqi fikir yürütmək qabiliyyətini, habelə onların gələcəkdə bu sahəyə maraq dairələrinin formalaşmasına və inkişafına da məkan vermiş oluruq. Çünki uşaqlar böyüklərdən fərqli olaraq hər şeyi görüb başa düşdükləri kimi səciyyələndirirlər. Düşünürəm ki, teatrımızda bu layihə uğurla reallaşacaq və işimizin keyfiyyətinə - hazırladığımız tamaşaların daha da mükəmməl və təbii alınmasında bizə kömək olacaq”, - deyə Mübariz Həmidov bildirib.

Teatrda tamaşalar nümayiş olunarkən tamaşaçıların rəyini, irad və təkliflərini öyrənmək üçün rəy kitabı da tərtib edilib. Hər bir tamaşaçı öz arzu və istəyini, irad və təklifini sərbəst şəkildə bildirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.