REGİONLAR


Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edilib

Sumqayıt, 31 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Oktyabrın 30-da Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən qeyd olunan yarım əsrlik yubiley tədbirinə kollektivin xüsusi həvəslə və ciddi hazırlaşmışdı. Şəhərin əsas meydanda teatr binasının qarşısında qurulan repertuardakı tamaşaların dekorasiyaları sanki səhnədə oynanan tamaşaları xatırladırdı.

Tədbirə qatılan mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, ölkənin teatr ictimaiyyəti və şəhər nümayəndələri əvvəlcə foyedə teatrın 50 illik fəaliyyətini əks etdirən “Yarım əsrin aynası” adı sərgi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, təntənəli bayram mərasimi Sumqayıt teatrının tarixini və bu gününü əks etdirən videoçarxın nümayişi ilə başlayıb. 1968-ci ildə hələ iyirmi yaşı tamam olmamış gənc Sumqayıt şəhərində mədəniyyət ocaqlarının tikilməsi, gənclərin dram dərnəklərinə həvəs göstərməsi, sənaye şəhərinin sürətlə böyüməsi əhalinin asudə vaxtının səmərəli və maraqlı keçirməsi üçün teatrın yaranmasını vacib amilə çevirirdi. 1 avqust 1968-ci ildə fəaliyyətə başlayan sənət ocağına o dövrün tanınmış teatr xadimləri, cavan rejissorlar üz tuturlar. Dövlət Gənclər Teatrı kimi işə başlayan kollektiv ilk tamaşanı 1969-cu il may ayında oynayır. Yeni teatr Cənnət Səlimovanın quruluşunda Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası ilə teatrsevərlərin görüşünə gəlir.

Respublikanın digər teatrları kimi, Sumqayıt teatrı da daim ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olub, kirayənişin kimi məskunlaşdığı “Kimyaçı” Mədəniyyət sarayı isə Prezident İlham Əliyevin Sərəncamı ilə teatrın balansına keçib və 2016-cı ildə əsaslı təmir edilərək yaradıcı kollektivin ixtiyarına verilib.

Əziz teatr fədailəri, bu dəfə doğma teatrın səhnəsinə tamaşaçı kimi çıxmış kollektivə müraciət edən mədəniyyət naziri Əbülfəs Qarayev bu günün təkcə Sumqayıt üçün deyil, ölkəmizin mədəniyyət həyatı üçün böyük önəm daşıdığını söyləyib. “Fəxr edirəm ki, 50 yaşlı Sumqayıt teatrı 146-cı mövsümünü yaşayan Azərbaycan teatrına böyük töhfələr verib, bu gün digər teatrlarda çalışan, çox tanınmış aktyorlar ilk addımlarını bu teatrın səhnəsində atıblar”, - deyən nazir Sumqayıt teatrının ümummilli lider Heydər Əliyevin epoxasına təsadüf etdiyini vurğulayıb. O, teatrın cəmiyyətin aparıcı qüvvəsi olduğunu, insanların mənəvi tərbiyəsində böyük rol oynadığını qeyd edib.

Əbülfəs Qarayev çıxışının sonunda Sumqayıt teatrının kollektivi, ölkənin mədəniyyət ictimaiyyəti adından teatra göstərilən qayğıya görə dövlət başçısına təşəkkürünü bildirib. Nazir teatrın 50 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən fəxri ad və "Tərəqqi" medalına layiq görülmüş kollektiv üzvlərinə dövlət təltiflərini təqdim edib.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov hər kəsi salamlayaraq, bütün sumqayıtlılar adından teatrın kollektivini təbrik edib, onlara sənət uğurları arzulayıb. O, ölkə başçısının təsdiqlədiyi regionların inkişaf proqramına əsasən Sumqayıtda da mühüm işlər görüldüyünü deyərək son illər şəhərdə inşa edilən, təmir-bərpa olunan mədəniyyət obyektləri və mədəni istirahət ocaqlarının adlarını çəkib. Yubilyar kollektivin Sumqayıtın ictimai həyatında, dövlət tədbirlərində fəal iştirak etdiyini, bir çox respublika və şəhər əhəmiyyətli tədbirlərin teatrın binasında keçirildiyini bildirən şəhər rəhbəri teatrın bir qrup əməkdaşına icra hakimiyyətinin fəxri fərmanını təqdim edib.

Sumqayıt teatrı bu şad günündə tək deyildi. Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti, professor Azər Paşa Nemətov kollektiv üzvlərini təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb, kollektivin bir qrup üzvünə ittifaqın fəxri fərmanı verib.

Bu teatrda ilk tamaşaya quruluş vermiş Xalq artisti Cənnət Səlimova sözlə, Xalq artistləri Mənsum İbrahimov, Gülyaz və Gülyanaq Məmmədovalar, Əməkdar artist Gülüstan Əliyeva isə musiqi ilə Sumqayıt teatrını təbrik ediblər. Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Musiqili Teatrı isə öz təbriklərini dost zarafatı kimi çatdırıblar.

Maraqlı və şən ovqatlı yubiley tədbiri bütün kollektivin xor ifası ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.