REGİONLAR
Sumqayıt Dövlət Dram Teatrının kollektivi Bakı səhnəsində çıxış edəcək
Sumqayıt, 28 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bu günlərdə 50-ci teatr mövsümünə start verən və özünün yarım əsrlik yubileyini qeyd etməyə hazırlaşan Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı bayram ərəfəsində - oktyabrın 8-də paytaxt tamaşaçıları ilə görüşə gələcək.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov AZƏRTAC-a bildirib ki, kollektiv Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olacaq və Nizami Muradoğlunun “Zülmətdə nur” tamaşasını nümayiş etdirəcək.
Azərbaycan Xalq Cümhuriyyətinin 100, Hüseyn Cavidin 135 və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyinə həsr olunan tamaşa görkəmli Azərbaycan dramaturqu, romantizmin və mənzum dram janrının banisi Hüseyn Cavidin ailəsinin faciəvi taleyindən bəhs edir.
Səhnə əsərində habelə, məşhur Azərbaycan ziyalıları - dövrünün tanınmış şairləri Əhməd Cavad, Mikayıl Müşfiq və onların həyat yoldaşlarının repressiya illərində çəkdiyi əzablarla bağlı səhnələr də yer alıb. Zamanın ağır vəziyyətinə, məhbus həyatının fiziki və mənəvi işgəncələrinə məruz qalan bu insanlar son ana qədər öz işıqlı ideyalarına sadiq qalırlar.
“Bu tamaşanı hazırlamaqda məqsədimiz Stalin ideologiyasının, erməni məkrinin və M.C.Bağırovun yanlış siyasətinin qurbanına çevrilmiş xalqımızın ziyalı və uzaqgörən nümayəndələrinin repressiya illərindəki həyatını bir daha gənc nəslə çatdırmaqdır. Tamaşa ulu öndər Heydər Əliyevin Naxçıvanda Hüseyn Cavidin məqbərəsi önündə tarixi çıxışının səslənməsi ilə sona yetir və zülmətdə nur kimi parlayan ruhlar səhnədə canlanır”, - deyə Mübariz Həmidov bildirib.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, musiqi tərtibatçısı Telman Qəniyev, məsləhətçisi Tağı Sadiqdir. Əsas obrazları Əməkdar artistlər İlahə Səfərova, İzaməddin Bağırov, Rauf Ağakişiyev, Cəlal Məmmədov aktyorlar Habil Xanlarov, Oktay Mehdiyev, Sədaqət Nuriyeva, Şəhla Məmmədova və başqaları ifa edirlər.