ELM VƏ TƏHSİL
Sumqayıt Dövlət Universiteti ABŞ universiteti ilə təcrübə mübadiləsinə başlamışdır
Sumqayıt, 13 fevral (AZƏRTAC). Sumqayıt Dövlət Universiteti (SDU) ilə ABŞ-ın Yuta Ştatının Yuta Valli Universiteti arasında təcrübə mübadiləsinə başlanılmışdır.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rektor, professor Nadir Qəhrəmanovun təşəbbüsü ilə ABŞ-ın Yuta Ştatının Yuta Valli Universitetinin tədris işləri üzrə prorektoru, professor Loretta Palmer SDU-nun professor-müəllim heyətinə mühazirə və seminarlar keçmək üçün dəvət edilmişdir.
Təcrübə mübadiləsi ABŞ Dövlət Departamentinin “Fulbrayt” proqramı çərçivəsində reallaşmışdır. İki həftə ərzində davam edəcək təlim proqramında “Təhsilin qiymətləndirilməsi” mövzusunda silsilə xarakterli 6 mühazirə və seminar keçiriləcəkdir.
Təlimlərin ilk günündəki çıxışında professor Loretta Palmer bildirmişdir ki, mühazirə və seminarların məqsədi yeni təcrübələrin tətbiqinə yardım etmək, qarşılıqlı təcrübə mübadiləsini genişləndirməkdir.