REGİONLAR
Sumqayıt Dövlət Universiteti ilə Kazan Dövlət Energetika Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Sumqayıt, 25 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Tətbiqi fizika və energetikanın aktual məsələləri − 2018” beynəlxalq elmi-texniki konfrans çərçivəsində Sumqayıt Dövlət Universiteti (SDU) ilə Kazan Dövlət Energetika Universiteti arasında təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl iştirakçılar paytaxtda Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
SDU-nun akt zalında keçirilən konfransda Rusiya, Özbəkistan, Cənubi Koreya, Gürcüstan universitetlərinin, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin, Belarus Milli Elmlər Akademiyasının Materialşünaslıq üzrə Elmi-Praktiki Mərkəzin, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali məktəblərin alimləri iştirak ediblər.
Sumqayıt Dövlət Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor Elxan Hüseynov çıxış edərək bildirib ki, son illər universitetdə təşkil olunan konfranslar ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində uğurlu inkişafına əvəzsiz töhfələr verir.
Rektor qeyd edib ki, Azərbaycan bu gün regionda və dünyada geosiyasi mövqeyini xeyli möhkəmləndirib, transmilli, qlobal əhəmiyyətli enerji layihələri sayəsində təhlükəsizlik, sabitlik və inkişaf məkanına çevrilib. Ölkəmiz nəhəng enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsi olmaqla yanaşı, geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərir.
Konfransda Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin dekanı, dosent Tamella Əhmədova, Kazan Milli Tədqiqat Texniki Universitetinin rektoru, Tatarıstan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, professor Albert Gilmutdinov, Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Afiq Həsənov, Sankt-Peterburq Politexnik Universitetinin nəzəri elektrotexnika və elektromexanika kafedrasının müdiri, professor Nikolay Korovkin, Kazan Dövlət Energetika Universitetinin elmi işlər üzrə prorektoru, professor Emil Şəmsutdinov, Özbəkistanın Elmlər Akademiyasının Fizika-Texniki İnstitutunun laboratoriya müdiri, professor Amin Saidov və başqaları məruzə ilə çıxış ediblər.
Sumqayıt Dövlət Universitetinin tələbələrinin ifasında xalq mahnıları və “Səma” rəqs qrupunun hazırladığı dünya xalqlarının milli rəqslərindən ibarət konsert proqramı maraqla qarşılanıb.
Beynəlxalq elmi-texniki konfrans çərçivəsində SDU-nun rektoru Elxan Hüseynov və Kazan Dövlət Energetika Universitetinin prorektoru Emil Şəmsutdinov ali məktəblər arasında təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.
Konfransa 198 tezis qəbul edilib və materiallar toplu şəklində çap olunub.