REGİONLAR


Sumqayıt Dövlət Universitetində “Bilik günü”

Sumqayıt, 15 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində təşkil edilən “Bilik günü” Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, ali məktəbin rektoru, professor Elxan Hüseynov kollektivi, xüsusilə birinci kurs tələbələrini və onların valideynlərini 2018-2019-cu tədris ilinin başlanması və Bakının daşnak-bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyi münasibətilə təbrik edib.

“Bilik günü”nə həsr olunmuş tədbirdə rektor ümummilli lider Heydər Əliyevin strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin elmə, təhsilə göstərdiyi böyük qayğı və diqqətdən söz açıb. “Ölkəmizin sənaye şəhəri olan Sumqayıtın adını daşıyan universitetimiz fəaliyyətə başladığı gündən keçən müddət ərzində təhsilimizin, elmimizin tərəqqisinə daim öz töhfələrini verib, nəinki respublikamızın, o cümlədən də dünyanın bir sıra ölkələri üçün yüzlərlə alim və mütəxəssis hazırlayıb”, - deyən rektor qeyd edib ki, Sumqayıt Dövlət Universiteti kadr potensialının gücləndirilməsi üçün bütün mövcud imkanlardan maksimum yararlanır.

Rektor tələbələrə səslənərək onlara bu uğurlarının davamlı olmasını diləyib: “Sizin üçün bu gündən həyatınızın tam yeni mərhələsi, tələbəlik illəri başlayır. Hər birinizin üzərinə böyük məsuliyyət düşür. Tələbəlik illəri nə dərəcədə maraqlı, sevilən, emosional olsa da, bir o qədər məsuliyyətli, vacib illərdir. Bu yolda sizə uğurlar diləyirəm”.

Sonra rektor qəbul zamanı yüksək bal toplamış tələbələrin bir qrupuna tələbə bileti və hədiyyələr təqdim edib.

Tədbirdə universitetin professoru, Əməkdar müəllim, Ağsaqqallar Şurasının sədri, Prezident təqaüdçüsü Həsən Sadıqov, birinci kursa qəbul olunmuş tələbələr və magistrantlar çıxış edərək gənclərə göstərilən dövlət qayğısından danışıblar.

Təhsil aldıqları müddətdə universitetin elmi və ictimai həyatında fəallığı ilə seçilən Elşad Əliyev və Çinarə Quluzadə SDU-nun rəhbərliyinə universitetdə işlə təmin olunduqlarına görə təşəkkürlərini bildirib, öz fəaliyyətləri ilə doğma ali məktəbin adını həmişə uca tutacaqlarına söz veriblər.

Valideynlər də Prezident İlham Əliyevə gənclərin təhsili alması üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, universitetin professor-müəllim və tələbə heyətini təbrik edib, müvəffəqiyyətlər arzulayıblar.

Tədbir universitet marşının oxunması ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.