REGİONLAR
Sumqayıt Dövlət Universitetində imtahan sessiyasının gedişatı izlənilib
Sumqayıt, 23 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Yanvarın 22-də Sumqayıt Dövlət Universitetində (SDU) və onun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində universitetin rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, Qeyri-hökumət təşkilatları, valideynlər, KİV və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişatı izlənilib.
AZƏRTAC xəbər verir ki, SDU- nun humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov monitorinq iştirakçılarına 2018-2019-cu tədris ilinin payız imtahan sessiyasının təşkili və gedişi, imtahan qaydaları, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər haqqında ətraflı məlumat verib.
Bildirilib ki, təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı əmrə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. İmtahan başlayandan mütəmadi olaraq universitetdə İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə SDU-da və eyni zamanda Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində imtahan prosesi izlənilir.
Prorektor onu da diqqətə çatdırıb ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır. İmtahan başa çatdıqdan sonra cavab blankları imtahan yoxlanma qərargahında kodlaşdırılaraq müəllimlər tərəfindən yoxlanılır və nəticələr elan olunur. Yazılı imtahanda müsbət qiymət alan tələbələr qiymətlərini artırmaq üçün ərizə ilə müraciət etdikdə, ondan apellyasiya komissiyasının üzvlərinin və fakültə dekanlarının iştirakı ilə şifahi imtahan götürülür, cavab qaneedici olduqda qiymət artırılır. Əks halda əvvəlki qiymət saxlanılır.
Prorektor sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində universitet üzrə “Qaynar xətt” yaradıldığını, universitetin tədris binalarında müraciət və təkliflər qutuları asıldığını, tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə, obyektivliyə tam zəmanət verildiyini vurğulayıb.
Sonra prorektoru Ramiz Hüseynov nümayəndə heyəti ilə imtahanların gedişini izləmək üçün Tədris Metodik Mərkəzdə, auditoriyalarda, yazı işlərinin kodlaşdırılması otağında olub.
Şura üzvləri imtahan bitdikdən sonra yazı işlərinin şifrələnməsi, müəllimlərin imtahanın nəticələrini yoxlaması prosesini də izləyiblər və bu proseslərdə obyektivliyin şahidi olublar. Eyni zamanda, qonaqlar müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və zəngin elektron kitabxana ilə tanış oldular.
İmtahanlar bitdikdən sonra İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri tələbələrlə də söhbətlər aparıblar.
Sonra nümayəndə heyəti Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecdə imtahan prosesini izləyib. Kollecin direktoru dosent Mətanət Pirquliyeva nümayəndə heyəti ilə görüşüb. O, imtahanlarda şəffaflığın təmin olunmasını həyata keçirmək məqsədilə hazırlıq işlərinin vaxtında həyata keçirildiyini qeyd edib. İctimai şuranın üzvləri və imtahan prosesinə baxış keçirən digər iştirakçılar görülən işləri yüksək qiymətləndiriblər.
Tələbələr də öz növbələrində yaradılan obyektiv şəraitə görə kollecin rəhbərliyinə təşəkkürlərini bildirdilər.