REGİONLAR
Sumqayıt Dövlət Universitetində magistrantların XVIII respublika elmi konfransı öz işinə başlayıb VİDEO
Sumqayıt, 17 may, Ətrabə Rzayeva, AZƏRTAC
Mayın 17-də Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş magistrantların XVIII respublika elmi konfransı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetdəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
SDU-nun rektoru, professor Elxan Hüseynov artıq 18-ci dəfə keçirilən konfransın gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasında mühüm amilə çevrildiyini qeyd edib. O, Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafı istiqamətində görülən işlərin önəmindən bəhs edib. Bildirib ki, görkəmli dövlət və siyasi xadim Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daim elm və təhsilə strateji sahə kimi baxıb. Milli təhsilimizin inkişafı, Avropa standartlarına inteqrasiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bu gün Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin önəmli prinsipləri sırasına daxil edilərək təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir.
Rektor bildirib ki, gənclərin elmi-tədqiqat işinə cəlb olunması ali təhsil müəssisələrinin əsas vəzifələrindən biridir. Bu baxımdan magistrantların respublika elmi konfransı böyük əhəmiyyət kəsb edir. Gənclərin elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə həyata keçirilən respublika elmi konfransında magistrantların sayının ildə-ilə artması bunu təsdiqləyir.
Diqqətə çatdırılıb ki, 2017-ci ildə XVII respublika elmi konfransında 16 ali məktəbdən 1323-dən çox magistrant iştirak etmişdirsə, bu il keçirilən konfransa 25 elm və təhsil müəssisəsindən 1700-ə yaxın məruzə təqdim olunub. Məruzə materiallarının ilkin ekspertizasından sonra 1546 tezis konfransın gündəliyinə daxil edilib. Konfrans materialları toplu şəkildə çap olunub.
Sonra Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədov, Bakı Dövlət Universitetinin magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova, SDU-nun professoru Həsən Sadıqov ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına verdiyi töhfələrdən, ölkədə uğurla həyata keçirilən təhsil islahatlarından danışıblar. Onlar gənclərin elmi tədqiqatlara cəlb edilməsinin vacibliyini, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu vurğulayıblar.
Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı Günəş Abbasova “İntellektual sistemlərin metod və modellərin tədqiqi”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı Nurlan Məlikov “Dinamik obyektlərin MATLAB mühitində modelləşdirmə sisteminin yaradılması”, Sumqayıt Dövlət Universitetinin magistrantı Qasım Bəylərov “2,6 dimetilfenolun sintezi”, Bakı Slavyan Universitetinin magistrantı Umuxanım Müseyibova “Dilçilik müasir mərhələdə”, Odlar Yurdu Universitetinin magistrantı Alim Babazadə “İş zamanı yuxulamanın qarşısını alan avtomatlaşdırılmış sistem” mövzularında məruzə ilə çıxış ediblər.
Konfrans işini 19 bölmə üzrə iki gün davam etdirəcək. Yekunda bölmə iclaslarında çıxış edən magistrantlara Sumqayıt Dövlət Universitetinin sertifikatları təqdim ediləcək.