REGİONLAR


Sumqayıt Dövlət Universitetinin iki məzunu bu ali məktəbdə işlə təmin edilib

Sumqayıt, 29 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) “Məzun günü” qeyd edilib. Tədbirdə universitet rəhbərliyi, müəllim və tələbələrlə yanaşı, valideynlər də iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

SDU-nun rektoru, professor Elxan Hüseynov məzunları təbrik edib, uğurlar arzulayıb. Bildirilib ki, SDU həm ölkəmizdə, həm də xaricdə böyük nüfuz qazanıb. Burada təhsilin səviyyəsi kifayət qədər yüksəkdir. Rektor deyib: “İnanıram ki, məzunlarımız gələcəkdə ölkəmizin həyatında fəal rol oynayacaq, onun hərtərəfli inkişafına töhfələrini verəcəklər. Doğrudan da, təhsil hər bir dövlətin gələcəyidir”.

E.Hüseynov ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşdığın, bilikli cəmiyyət naminə bütün imkanların səfərbər edilməsinə çalışdığın diqqətə çatdırıb. Qeyd edilib ki, Ulu Öndərin böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti milli ziyalı elitasının intellektual potensialının yüksək olmasında özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verməsini təmin edib. Məhz Ümummilli Liderin tarixi xidmətləri, Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilib.

Rektor xüsusi vurğulayıb ki, ölkə rəhbəri İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu mütərəqqi ənənələri keyfiyyətcə yeni mərhələdə davam etdirərək universitetə xüsusi qayğı ilə yanaşır. Belə ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, SDU-nun 55 illik yubileyi münasibətilə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim “Əməkdar Müəllim” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb, bu günlərdə isə təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə professor Həsən Sadıqova Prezidentin fərdi təqaüdü verilib. Ölkə başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin vacib strateji istiqamətlərindən biri və bəlkə də, ən başlıcasıdır.

“Bu gün təhsil alan hər bir vətəndaş təhsilinin uğurları ilə ölkənin inkişafı üçün ixtisaslı kadr kimi formalaşmalıdır” deyən rektor məzunlara uğurlar diləyib, onlara təhsil aldıqları ali məktəblə hər zaman əlaqə saxlamağı, universitetin adını daima uca tutmağı tövsiyə edib. E.Hüseynov universitetin bakalavriat pilləsi üzrə 1000–dən artıq və magistraturanı bitirən 100-dən çox məzunu təbrik edib.

Tədbirdə elm və təhsildə, universitetin ictimai və mədəni həyatında fərqlənən məzunlara rektorluq tərəfindən fəxri fərman, mükafat və hədiyyələr təqdim olunub.

Sonra tələbələrin ifasında universitetin marşı səsləndirilib.

SDU-nun Ağsaqqallar Şurasının sədri, Prezident təqaüdçüsü, professor Həsən Sadıqov, valideynlər adından Əli Abbasov və universitetdə təhsil alan əcnəbi tələbələrin valideynləri adından Hüriyyə Aykan çıxış edərək məzunlara səmimi təbriklərini çatdırıb, elmin, təhsilin inkişafına, dövlətçilik və azərbaycançılıq ideyalarına şərəflə xidmət etmələrini arzulayıblar.

Məzunlar adından İsmayıl Faxtiyev çıxış edərək göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə, müəllimlərə minnətdarlığını bildirib.

Təhsil aldıqları müddətdə universitetin elmi və ictimai həyatında fəallığı ilə seçilən məzunlar Elşad Əliyev və Çinarə Quluzadə rektor E.Hüseynovun əmri ilə işlə təmin olunduqlarına görə dərin təşəkkürlərini bildirib, fəaliyyətləri ilə doğma ali məktəbin adını həmişə uca tutacaqlarına söz veriblər.

“Məzun günü” bədii hissə ilə davam etdi. Universitetin özfəaliyyət kollektivi ilə yanaşı, tanınmış müğənnilər və gənc sənətçilər ifaları ilə məzunları təbrik etdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.