İQTİSADİYYAT
Sumqayıt Kimya Sənaye Parkındakı Peşə Tədris Mərkəzində Almaniya təcrübəsindən istifadə olunacaq
Bakı, 31 yanvar, AZƏRTAC
Sumqayıt Kimya Sənaye Parkındakı Peşə Tədris Mərkəzində Almaniya təcrübəsindən istifadə ediləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev yanvarın 31-də Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, yüksək səviyyəli səfərlərin, aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.
Nazir Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Almaniya arasında indiyədək 70-dən çox sənəd imzalanıb. Qeyd edib ki, Azərbaycanda 154 Almaniya şirkəti qeydiyyatdan keçib, alman şirkətləri dövlət əsaslı layihələrdə podratçı qismində də iştirak edirlər.
Ş.Mustafayev iqtisadi-ticarət əlaqələrinin genişləndiyini, 2018-ci ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 61 faizdən çox artdığını qeyd edib: “Azərbaycan və Almaniya investisiya sahəsində də əməkdaşlıq edir. Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 572 milyon dollar, Azərbaycan tərəfindən isə bu ölkəyə 124 milyon dollar investisiya yatırılıb.
Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradıldığını diqqətə çatdıran nazir vurğulayıb ki, Dünya Bankının açıqladığı "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.
Ş.Mustafayev Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi arasında anlaşma memorandumuna uyğun olaraq "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində indiyədək 379 sahibkar və menecerin Almaniyada ixtisasartırma kursu keçdiyini, bu ilin martında daha 16 sahibkar və menecerin Almaniyada təcrübə keçəcəklərini bildirib. Qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında yaradılan Peşə Tədris Mərkəzində Almaniya təcrübəsindən istifadə olunacaq.
İqtisadiyyat naziri ölkələrimiz arasında energetika, sənaye, kənd təsərrüfatı, İKT, nəqliyyat, kiçik və orta sahibkarlıq, tullantıların emalı, investisiya, ticarət, turizm, təhsil, əczaçılıq və sair sahələrdə əməkdaşlığın inkişafı imkanlarını vurğulayıb.
Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Barays Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb, ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qruplarının rolunu qeyd edib.
Görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri, həmçinin Azərbaycanın sənaye parklarında, dövlət proqramları çərçivəsində həyata keçirilən layihələrdə alman şirkətlərinin iştirakı, kiçik və orta biznesin inkişafı, Sumqayıt Kimya Sənaye Parkında Peşə Tədris Mərkəzində işləyəcək mütəxəssislərin Almaniyada ixtisasartırma kurslarına cəlb edilməsi və sair sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.