QAN YADDAŞI
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəssisələrində Xocalı soyqırımına həsr olunan silsilə tədbirlər keçirilir
Sumqayıt, 23 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, Sumqayıtın Tarixi Muzeyində “Diqqət danışır Xocalı şahidləri” adlı tədbirdə çıxışlardan sonra “Niyə Xocalı” adlı sənədli film nümayiş olunub.
Daha sonra iştirakçılar Muzeyin “Şəhidlər qalereyası” zalında “Xocalı...” sərgisinə baxıblar.
Digər bir tədbir isə C.Cabbarlı adına Mədəniyyət Evinin özfəaliyyət kollektivlərinin iştirakı ilə keçirilib. Belə ki, N saylı hərbi hissənin şəxsi heyəti üçün “Yaralı Azərbaycana daşan qan gölü - Xocalı!” adlı ədəbi bədii gecə təqdim olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təmsilçiləri Zəkəriyyə Rəhimov və Fəxrəddin Behbudov çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat veriblər. Sonra Mədəniyyət evinin aparıcısı Arzu Məmmədova Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyib, vətənpərvərlik mövzusunda mahnılar dinlənilib, “Xocalı harayı” kompozisiyası təqdim edilib.
Nizami Gəncəvi adına kitabxana-klubda Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil olunub. Kompozisiyada Xocalı soyqırımı haqqında məlumat verilib, “Xocalı qan yaddaşımız” kitab sərgisi barədə xülasə diqqətə çatdırılıb, kitabxananın oxucuları “Xocalı sağalmayan yaramız” mövzusunda məruzə ediblər.
Oxucuların ifasında Sabir Rüstəmxanlının “Xocalıya mərsiyə”, Nüsrət Kəsəmənlinin “Xocalı”, Qəşəm Nəcəfzadənin ”Şəhid anası”, İlyas Tapdığın “Ay şəhid”, Zəlimxan Yaqubun “Xocalım ay Xocalım”, “Layla, Xocalım, layla”, Vidadi Babanlının “Haydı igidlərim, haydı”, Rafiq Yusifoğlunun “Xocalı” şeirləri səsləndirilib.
Sonda Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.
Bununla yanaşı, Xətai Sənət Mərkəzində “Şəhid şəhər” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi də keçirilib. Müsabiqəyə 400-ə qədər uşaq 600-ə yaxın əl işi ilə qatılıb. Sərgidə rəsm işləri ilə qatılan Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun rəsm dərnəyinin üzvləri Elmira Əliyeva və Orxan Əzizov diplomla mükafatlandırılıblar.