REGİONLAR
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəssisələrində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilib
Sumqayıt, 26 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə qonaqlar “Dostluq” mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi ilə tanış olublar. Sonra bədii özfəaliyyət kollektivlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirdə “Şahinlər” rəqs kollektivinin “Xocalı harayı” rəqs kompozisiyası, bədii-qiraət dərnəyinin üzvlərinin ifasında ədəbi-bədii kompozisiya, muğam ifaçılarının çıxışları nümayiş olunub.
Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə soyqırımı haqqında geniş məlumat verilib. Sonra “Sumqayıt” rəqs qrupunun üzvlərinin ifasında “Xocalı rəqsin dili ilə” kompozisiyası, bədii qiraət dərnəyinin üzvlərinin ifasında “Komandir-əsgər”, “Qaça-qaç” səhnəcikləri nümayiş olunub, mövzu ilə əlaqədar məruzə və şeirlər, musiqi nömrələri dinlənilib.
4 saylı “Diyarşünaslıq” klubunda Xocalı faciəsinə həsr olunmuş tədbirdə özfəaliyyət dərnəyinin üzvlərinin ifasında şeirlər dinlənilib. Güllü Aslanovanın mövzu ilə bağlı təqdim etdiyi monoloq maraqla qarşılanıb.
Sumqayıt şəhər Fikrət Əmirov adına Uşaq Musiqi məktəbində keçirilən anım günündə Məlahət Hüseynovanın ifasında “Segah” təsnifi, məktəbin şagirdləri – Leyli Süleymanlı, İlahə Qasımova və Yüksəl Mikayılzadənin ifasında vətənpərvərlik mövzusunda şeirlər dinlənilib.
Səməd Vurğun adına Mərkəzi kitabxananın Təşkilatçılığı ilə 5 saylı orta məktəbdə dəyirmi masa keçirilib. Tədbirdə məktəbin tarix müəllimi Gülnar Məcidova Xocalı soyqırımı haqqında geniş məlumat verib, Əməkdar jurnalist, yazıçı-publisist Eyruz Məmmədov çıxış edərək Sumqayıt hadisələri haqqında həqiqətləri iştirakçıların nəzərinə çatdırıb, Mərkəzi kitabxananın multimedia mütəxəssisi Müjgan Rəsulzadə “Xocalı faciəsi - unudulmayan tarix” adlı sərgidən biblioqrafik xülasə verib. Sonra məktəblilər Xocalı soyqırımına həsr edilmiş kompozisiya ifa edib, səhnəcik nümayiş olunub.
Nizami Gəncəvi adına Kitabxana Klubda keçirilən tədbir Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi ilə birgə təşkil edilib. Tədbiri Birliyin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin açaraq Xocalı soyqırımı haqqında məlumat verib. Sonra oxucuların ifasında Xocalı soyqırımına həsr olunmuş şeir və musiqi nömrələri səslənib, videoçarx izlənilib.
Mərkəzi Uşaq Kitabxanasında keçirilən anım günündə kitabxanaçı Leyla Mahmudova Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Sonra 18 saylı orta məktəbin ictimai işlər üzrə direktor müavini Könül Allahverdiyeva və məktəbin kitabxana müdiri Rəfiqə Cavadovanın mövzu ilə əlaqədar məruzələri, şagirdlərin ifasında şeirlər dinlənilib. Daha sonra tədbir iştirakçıları Xocalı soyqırımından, Milli Qəhrəmanı Əlif Hacıyevdən bəhs edən sənədli filmləri izləyiblər.
Digər kitabxana filiallarında da anım günü keçirilib.
Xızı Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbiri Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə nümayəndəsi baş məsləhətçi Mönsüm Bağırov açaraq Xocalı soyqırımının acı nəticələrindən danışıb. Daha sonra Xızı rayon MKS-nin direktoru Ayşən Əliyeva və R.İsmayılov adına Xızı şəhər orta məktəbin müəllimi Tural Fərəcov çıxış edərək fikirlərini bölüşüblər. Tədbirdə R.İsmayılov adına Xızı şəhər orta məktəbin şagirdlərinin ifasında şeirlər dinlənilib, Xocalı soyqırımını özündə əks etdirən foto və kitablardan ibarət sərgi nümayiş etdirilib, “Tariximizin qanlı səhifəsi - Xocalı” adlı sənədli film təqdim olunub.
Zəngilan rayon kənd klubunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Tədbirdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyor heyətinin iştirakı ilə "Soyqırımı tarixinin dastanı" adlı tamaşa nümayiş olunub.
Şuşa Dövlət Rəsm Qalereyasında Xocalı soyqırımına həsr olunmuş sərgi açılıb. Sərgidə 30-a yaxın rəsm əsəri və kitab nümayiş olunur. Sərgi on gün davam edəcək.