REGİONLAR
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Beynəlxalq Muzeylər Gününü qeyd edib
Sumqayıt, 19 may, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan müəssisələrdə 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə silsilə tədbirlər keçirilib.
İdarədən AZƏRTAC–a bildirilib ki, Sumqayıtın Tarixi Muzeyində Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin “Təsviri incəsənət” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi təşkil olunub. “Sumqayıtın Tarixi Muzeyi məktəblilərin gözü ilə” adlandırılan sərgidə gənc rəssamların muzeylə tanışlığı nəticəsində diqqət çəkən məqamlar öz əksini tapıb.
Abşeron Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə isə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Abşeron rayon üzrə nümayəndəsi İlham Manafov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cəmilə Kərimova və başqaları çıxış ediblər.
Şairlərin ifalarında vətənpərvər şeirlər dinlənilib, muzey eksponatları haqqında məlumat verilib.
Qubadlı Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin ictimai siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Cavidan Mirzəyev, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçiləri Eldar Hüseynov və Bayram Cəfərli, Qubadlı rayon mədəniyyət müəssisələrinin əməkdaşları və digər qonaqlar iştirak ediblər. Tədbirdə muzeyin tarixi ilə bağlı məruzə dinlənilib, videoçarx nümayiş olunub.
Tədbir iştirakçılarına Beynəlxalq Muzeylər Günü ilə bağlı təşkil olunmuş sərgidə nümayiş etdirilən eksponatlar haqqında ətraflı məlumat verilib.
Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyində də sərgi təşkil olunub. Sərgidə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon üzrə nümayəndəsi Mehman Nəsirli və mədəni-maarif müəssisələrinin kollektivləri, rayon ictimaiyyəti iştirak edib.
Ziyarətçilər rayonun tarixi barədə ətraflı məlumat alıb, nümayiş olunan eksponatlara baxıblar.