CƏMİYYƏT
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib
Bakı, 4 oktyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar fəaliyyətin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin satışını həyata keçirən şəxs zərərsizləşdirilib.
Daxil olan əməliyyat məlumatı əsasında Kotec qəsəbə sakini Vüqar Nəcəfovun yaşadığı evin həyətyanı sahəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı xüsusi aqrotexniki qaydada əkilərək qulluq edilən, ümumi çəkisi 42 kiloqram olan 9 çətənə kolu aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq V.Nəcəfovun yaşadığı mənzilin ayrı-ayrı yerlərində gizlətdiyi 3 kiloqram 70 qram həşiş və 3,5 kiloqram qurudulmuş marixuana da aşkar edilib.
V.Nəcəfov ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkib-becərdiyini bildirib.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.