REGİONLAR
Sumqayıt Texnologiyalar Parkı Qırğızıstana məhsul ixracına başlayıb
Bakı, 8 oktyabr, AZƏRTAC
“Sumqayıt Texnologiyalar Parkı” (STP) Azərbaycanın ixracat tarixində ilk dəfə olaraq Qırğızıstana 110 kilovatlıq elektrik kabeli ixrac edir.
STP-dən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 4-də Qırğızıstanın “ElektroSila” şirkətinin sifarişi əsasında 4 yük maşınından ibarət 2384 metr elektrik kabeli bu ölkəyə yola salıb. Ümumilikdə, 7140 metr kabel satışını nəzərdə tutan sifariş daha iki mərhələdə müştəriyə çatdırılacaq.
Kabellər Qırğızıstanın paytaxtı Bişkek şəhərinin mərkəzi rayonlarını elektriklə təmin edən yeni istilik elektrik stansiyasının tikintisini və elektrik xətlərinin çəkilməsini nəzərdə tutan layihədə istifadə olunacaq.
Qeyd edək ki, Rusiya kimi ölkələrdən güclü rəqiblərin olmasına baxmayaraq, sifarişçi şirkət Qazaxıstan paytaxtı üçün önəmli enerji layihəsinin kabel təchizatını məhz Sumqayıt Texnologiyalar Parkına həvalə etmək qərarı verib.
Bütün bunlar artıq beynəlxalq bazarda STP-nin məhsullarına göstərilən inam və etibarın bariz nümunəsidir.
Zavodlar kompleksindən ibarət olan STP-nin kabel zavodunda 28 min çeşiddə, 500 kV-a qədər, gərginlik səviyyəsi orta, yüksək və ifrat yüksək güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal edilir. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar həm yerli, həm də xarici bazarlarda böyük marağa səbəb olur.
Xarici bazarda məhsulları tanınmağa başlayan STP, ümumilikdə, kabel ixracı ilə bağlı Gürcüstan, Qazaxıstan, Tacikistan və Qırğızıstan ilə iri məbləğdə müqavilələr bağlayıb. Hazırda imzalanmış müqavilələr icra edilməkdədir. Müəssisə gələcəkdə Orta Asiya bazarında olan əməliyyatlarını artırmaq, həmçinin Qərbi Avropa və Afrika bazarlarına da daxil olmağı hədəfləyir.
Parkın bütün zavodları Avropa istehsalı laboratoriyalarla təmin edilib və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub və istehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var.