İQTİSADİYYAT
Sumqayıt Texnologiyalar Parkı "WorldBuild Baku 2017" sərgisində iştirak edəcək
Bakı, 17 oktyabr, AZƏRTAC
"Sumqayıt Texnologiyalar Parkı" MMC (STP) oktyabrın 18-21-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş XXIII Azərbaycan Beynəlxalq İnşaat "WorldBuild Baku 2017" sərgisində iştirak edəcək.
STP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərgi Sumqayıt Texnologiyalar Parkına öz geniş çeşidli portfelini nümayiş etdirmək üçün imkan yaradacaq, məhsullarının keyfiyyətini istehlakçılara bir daha xatırlatmaqda, yeni biznes əlaqələri və təcrübə imkanları qurmaqda kömək edəcək.
Dünyanın 23 ölkəsindən 200-dən artıq şirkətin iştirak edəcəyi "WorldBuild Baku 2017"də Sumqayıt Texnologiyalar Parkına aid "Made in Azerbaijan" brendi altında istehsal olunan inşaat materialları, o cümlədən müxtəlif çeşidli kabellər, plastik borular, sendviç panellər, PVC, alüminium profillər və sairə məhsullarının nümunələri nümayiş etdiriləcək. Həmçinin mütəxəssislərimiz sərgi zamanı ziyarətçiləri maraqlandıran sualları cavablandıracaq, onlara STP-nin istehsal prosesi haqqında təkcə nəzəri deyil, həm də praktik geniş məlumat almaqda kömək edəcəklər.
Sərgi ziyarətçiləri Sumqayıt Texnologiyalar Parkının məhsulları ilə tanış olmaqla yanaşı, texnoparkın zavodlarındakı istehsal proseslərini monitorlardan izləyə biləcəklər. Təşkil olunmuş müsabiqələrə qatılaraq müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
"Sumqayıt Texnologiyalar Parkı" MMC hər il olduğu kimi bu sərgidə də iştirak etməkdən uğurlu nəticələr gözləyir və hər bir kəsi STP-nin stendi ilə tanış olmağa dəvət edir.