REGİONLAR
Sumqayıt Texnologiyalar Parkı gənc mütəxəssislərin yetişməsinə önəm verir
Bakı, 10 iyul, AZƏRTAC
Sumqayıt Texnologiyalar Parkı (STP) bu ilin 6 ayında tələbə-təcrübəçilərin istehsalat təcrübəsinin, öyrənmə prosesinin təşkil olunması məqsədilə təhsil müəssisələri ilə sıx əməkdaşlıq edib.
STP-dən AZƏRTAC-a bildirilib ki, layihə üzrə ADA, Azərbaycan Texniki, Memarlıq və İnşaat universitetləri kimi ali təhsil ocaqları başda olmaqla 7 təhsil müəssisəsindən 104 tələbə texnoparkda istehsalat təcrübəsi keçib. Layihədə əsasən 4-cü kurs tələbələri iştirak edib. Onlar təcrübə müddətində iş prinsiplərini öyrənməklə yanaşı, korporativ mədəniyyət, təşkilati dəyərlər, əməyin təhlükəsizliyi, iş yerində davranış qaydaları kimi mühüm məlumatları da mənimsəyiblər. Layihə çərçivəsində fərqlənən 45 nəfər tələbəyə sertifikatlar təqdim olunub.
Bu cür təcrübə proqramları dövrü xarakterlidir və daim yeni tələbələrin hazırlanması ilə müşayiət olunmaqdadır. Hazırda isə ilin ikinci yarısını əhatə edən təcrübəçi proqramları davam etdirilir.
Əlavə olaraq STP öz fəaliyyətinə gənc, bacarıqlı və savadlı insanları cəlb etmək və onların iş prosesində inkişafını təşkil etmək üçün “Təlim-İş” təcrübə proqramı da həyata keçirməyə başlayıb. Bu təcrübə proqramına əsasən sonuncu kurs bakalavriat və magistratura tələbələri və təhsilini yeni başa vurmuş məzunlara STP-də çalışaraq öyrənmək, təcrübə qazanmaq və işləmək imkanı yaradır. Proqram 3-6 ay davam edir və şirkətin ofis və zavodlarının işçi tələbindən asılı olaraq müxtəlif vakansiyalar üzrə həyata keçirilir.
Apreldə başlanan “Təlim-İş” layihəsinə yüzlərlə gənc müraciət edib. Onlardan 50-si seçilərək mayda imtahana dəvət olunub. İmtahanların nəticəsinə uyğun olaraq Neft və Sənaye, Azərbaycan Texniki, Bakı Mühəndislik və Xəzər universitetlərindən ümumilikdə 15 gənc STP-nin Konstruktor-texnoloji, SƏTƏM və Keyfiyyətə nəzarət departamentlərində, Kabel və Mexaniki Emal Zavodlarında işə götürülüblər.