İQTİSADİYYAT


Sumqayıt Texnologiyalar Parkında xarici bazarlara çıxış üçün böyük imkanlar var

Bakı, 26 sentyabr, AZƏRTAC

"Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi" (TÜİB) və "Azərbaycan-Türkiyə İş Adamları Birliyi" (ATİB) təşkilatlarının üzvlərindən ibarət nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

STP-dən AZƏRTAC-a bildiriblər ki, qonaqlara Sumqayıt Texnologiyalar Parkı haqqında ümumi məlumat verilib. Nümayəndə heyətinin istehsal prosesi ilə yaxından tanış olması üçün müəssisələrə ekskursiya təşkil edilib. İstehsal müəssisələri arasında Kabel Zavodu, Polimer Məmulatlar Zavodu, Qaynar Sinkləmə Zavodu və Ağır Maşınqayırma Zavodu qonaqların xüsusi marağına səbəb olub. İstehsal olunan məhsullar haqqında geniş məlumat verilib. Bildirilib ki, istehsal imkanlarına görə STP nəinki Azərbaycanda, hətta MDB regionunda qabaqcıl şirkətlərdən biridir. STP-nin istehsal etdiyi bəzi xüsusi məhsullar var ki, onların istehsalı dünyada çox az ölkədə təşkil olunub. İstehsal sahələrinin ekskursiyası zamanı qonaqları maraqlandıran çoxsaylı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb. Diqqətə çatdırılıb ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında hazırda 13 zavod və 25-dən artıq istehsal sahəsi fəaliyyət göstərir. Yaradılmış istehsal sahələri və istehsal edilən məhsullar Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafını nümayiş etdirir və gələcək inkişafı üçün böyük imkanlar yaradır.

Daha sonra STP-nin baş direktorunun birinci müavini Kamran Abbasovun iştirakı ilə keçirilən görüşdə təşkilatlara üzv şirkətlərlə gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı məsələləri müzakirə olunub. Qonaqlar STP-nin istehsal gücünün onlarda böyük maraq oyatdığını, xüsusən xarici bazarlara çıxış üçün böyük imkanların olduğunu vurğulayıblar.

Baş direktorun birinci müavini STP ilə təşkilatlara üzv şirkətlər arasında əməkdaşlıq əlaqələrinin qurulması və daha da genişləndirilməsi niyyətində olduqlarını qonaqların diqqətinə çatdırıb. Qeyd edib ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.