CƏMİYYƏT


Sumqayıt Tibb Mərkəzinin nəzdində qurulacaq Təlim və Simulyasiya Mərkəzində hazırlıq işlərinə başlanılıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təcili tibbi yardım, infeksiyanın qarşısının alınması və nəzarət sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş layihə çərçivəsində Sumqayıt Tibb Mərkəzində görüş keçirilib.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, ÜST-nin mütəxəssisləri Halil İbrahim Durak və Hasan Odabaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Rəşad Çobanlı, Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova və digər şəxslər mərkəzin qurulacağı ərazidə işlərin gedişi ilə tanış olublar.

Qeyd edək ki, USAID tərəfindən maliyyələşdirilən 3,35 milyon dollar dəyərində olan layihə ÜST-nin vasitəsilə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Tibb Universitetinə (ATU) dəstək göstərəcək.

Sözügedən “Azərbaycanda Təcili tibbi yardım, infeksiyaların qarşısının alınması və nəzarət sistemlərinin gücləndirilməsi” layihəsi çərçivəsində hər iki sistem üçün idarəetmə strukturları, milli strategiyalar, standartlar və prosedurlar dəstəklənəcək, Azərbaycan Tibb Universitetində, tibb kolleclərində və digər təhsil müəssisələrində müvafiq təhsil proqramları yaradılacaq.

Həmçinin yerli təlim və sertifikatlaşdırma proqramları vasitəsilə hər iki sahədə mövcud və potensial işçi qüvvəsinin bilikləri təkmilləşdiriləcək, Sumqayıtda təlim və simulyasiya mərkəzinin əsası qoyulacaq, milli infeksiyanın qarşısının alınması və nəzarət komitəsi, o cümlədən xəstəxanadaxili infeksiyalar və mikrob əleyhinə davamlılıq üzrə ən yaxşı təcrübələri özündə birləşdirən milli istinad laboratoriyası yaradılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.