REGİONLAR
Sumqayıt: ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunların sayı 43 faiz artıb
Sumqayıt, 13 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Ali məktəblərə qəbul imtahanlarında iştirak edən 2256 sumqayıtlı abituriyentdən 1739-u tələbə adını qazanıb. 461 nəfər 500-dən, o cümlədən 211 nəfər 600-dən çox bal toplayıb. Ötən illə müqayisədə 600-dən çox bal toplayanların sayı 44 nəfər, yəni təxminən 43 faiz artıb. 95 sumqayıtlı abituriyent 650 baldan yuxarı nəticə əldə edib. İki məzun isə 700 balla ən yüksək nəticə göstərib. Məktəbi qızıl medalla və fərqlənmə ilə bitirənlərin hamısı ali məktəbə imtahan zamanı öz biliklərini təsdiq ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Sumqayıt Dövlət Dram Teatrında yüksək bal toplayan məzunlarla keçirilən görüşdə ətraflı bəhs olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gəncləri əldə etdikləri uğurlar münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Zakir Fərəcov son illər ölkəmizdə dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan danışıb, bu sahənin Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Çıxış edən məzunlar onlara bəslənən ümidləri doğruldacaqlarına söz veriblər.
Görüşün sonunda ali məktəblərə yüksək balla qəbul olunan məzunlara hədiyyələr, qabaqcıl müəllimlərə isə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları verilib.
Tədbir respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə hazırlanan bədii proqramla davam edib.