REGİONLAR
Sumqayıt bələdiyyəsində bir qrup jurnalistlə görüş keçirilib
Sumqayıt, 22 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt bələdiyyəsində mətbuat günü münasibətilə jurnalistlərlə görüş keçirilib. Bələdiyyə sədri Sultan Əsədov ölkəmizdə media nümayəndələrinə göstərilən diqqət və qayğıdan danışıb. Demokratik dəyərlərin möhkəmlənməsi, söz və mətbuat azadlığının təmin olunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm işlərin görüldüyünü deyən sədr bu istiqamətdə ardıcıl islahatların aparıldığını diqqətə çatdırıb.
S.Əsədov dövlət başçısının mətbuat nümayəndələrinin sosial problemlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, onların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə bu vaxta qədər iki binanın tikilərək istifadəyə verildiyini, üçüncü binanın da tikintisinin davam etdiyini bildirib. O, həmçinin Sumqayıtda aparılan quruculuq işləri barədə danışıb, şəhərin son illərdə öz simasının tamamilə dəyişdiyini xatırladıb, həyata keçirilən layihələr barədə məlumat verib.
Mətbuat işçilərinin aparılan işlərə dəstək verdiyini qeyd edən S.Əsədov Sumqayıt barədə məlumatların nəinki ölkə ictimaiyyətinə, dünyaya çatdırılmasında KİV-lərin əhəmiyyətli rolunu qeyd edib.
Daha sonra jurnalistlər çıxış edərək göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.