“Sumqayıt” doğma meydanda “Səbail”i məğlub edib
AzerTAg.az
Bakı, 13 fevral, Nicat Məmmədov, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.
AZƏRTAC xəbər verir ki, XV turun açılış matçında "Sumqayıt" və "Səbail" klubları üz-üzə gəliblər.
"Kapital Bank Arena"da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
İlk topu 26-cı dəqiqədə Murad Xaçayev vurub. Bundan 7 dəqiqə sonra Tellur Mütəllimov baxımlı qola imza atıb.
Görüşün 55-ci dəqiqəsində Peyman Keşavarzi qırmızı vərəqə alaraq qonaq komandanı azlıqda qoyub. Oyunda son nöqtəni isə 83-cü dəqiqədə penaltidən Əli Qurbani qoyub.
"Səbail" oyunu 9 nəfərlə başa vurub. Görüşün 90-ci dəqiqədə Kamran Ağayev kobud oyuna görə qırmızı vərəqə alıb. Bu vaxt qonaqlar hər 3 oyunçu dəyişikliyindən istifadə etdiyi üçün qapıya müdafiəçi Adil Nağıyev keçib.
Bu qələbə sayəsində "Sumqayıt" xallarının sayını 22-yə çatdırsa da, 4-cü pillədə qalıb. "Səbail" isə 13 xalla 6-cıdır.

Xəbərin mətnində orfoqrafik səhv var