REGİONLAR
Sumqayıt gəncləri sağlam gənclik üçün “Narkomaniyaya yox!” deyirlər
Sumqayıt, 26 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Gənclər Evində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Sağlam gənclik üçün narkomaniyaya yox deyək” adlı görüş keçirilib. Maarifləndirici görüş Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunub.
AZƏRTAC xəbər verir ki, görüşdə Sumqayıt Rayonlararası Narkoloji Dispanserin, Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, müxtəlif sahələri təmsil edən gənclər, orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
Tədbir narkomaniyanın ağır fəsadlarını özündə əks etdirən “Ampula” adlı filmin nümayişi ilə başlayıb.
Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov respublikamızda narkomaniya və narkobiznes ilə mübarizənin ən yüksək səviyyədə aparıldığın, bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, QHT-lərin, ictimai təşkilatların da fəallığının artırıldığını qeyd edib. Bildirilib ki, Sumqayıt şəhərində də narkomaniya əleyhinə mütəmadi olaraq tədbirlər keçirilir, yeniyetmə və gənclərə narkomanların acı taleyi, narkomaniyanın fəsadları və nəticələri, ondan qorunmağın yolları barədə məlumatlar verilir.
Digər çıxış edənlər narkomaniyanın fiziki, sosial və maddi təsirləri barədə danışaraq gənclərə bu dəhşətli bəla ilə mübarizədə fəal olmağı tövsiyə ediblər.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb və Baş İdarənin hazırladığı maarifləndirici bukletlər iştirakçılara paylanılıb.