REGİONLAR
Sumqayıt idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda 927 medal qazanıblar
Sumqayıt, 14 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərin qorunub saxlanılması hisslərinin gənclərə daha dərindən aşılanması, bacarıqlı gənclərin müasir peşələrə yiyələnməsi, onların məşğulluq probleminin həlli və yaradıcılıq fəaliyyətinin genişlənməsinə nail olmaq üçün ötən il Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi aidiyyəti qurumlarla birgə 634 tədbir keçirib və bu tədbirlərə 80 mindən çox gənc cəlb edilib.
AZƏRTAC xəbər verir ki, gənc nəslin sağlam böyüməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasına kömək məqsədilə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyi ötən il 5 təlim-məşq stadionu tikərək istifadəyə verib, “Neftçi” İdman Klubu İctimai Birliyinin Sumqayıt təlim zalı əsaslı təmir edilib. Fəaliyyətdə olan digər idman obyektlərində cari təmir işləri aparılıb.
İdman obyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülmüş işlər idmançıları yarışlara daha həvəslə hazırlaşmağa sövq edir. Belə ki, 2018–ci il ərzində şəhər idmançıları respublika və beynəlxalq səviyyəli yаrışlаrda uğurla çıxış edərək 326 qızıl, 234 gümüş, 367 bürünc medal olmaqla, ümumilikdə 927 medal əldə ediblər.
Bütün bu uğurlara ölkəmizdə sosial-iqtisadi inkişafın, təhlükəsizliyin, ictimai-siyasi sabitliyin tam təmin olunması sayəsində nail olunub.