REGİONLAR


Sumqayıt kimyaçılarının şəhər sakinlərinə bayram hədiyyəsi

Sumqayıt, 15 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərinin ictimai və mədəni həyatında yaxından iştirak edən SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə xalqımızın ən əziz və ən sevimli bayramlarından olan Novruz bayramı ərəfəsində - martın 14-də “Azərikimya”nın, “SOCAR-Polymer” MMC-nin, “SOCAR Karbamid” zavodunun, “Azəriqaz” İB-nin Sumqayıt Qaz İdarəsinin və Sumqayıtda yaşayan digər əməkdaşlarının, eyni zamanda, şəhər sakinlərinin asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkili məqsədilə “Kimyaçı” Mədəniyyət sarayında konsert proqramı təşkil olunub. Bayram tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, “Azərikimya” İB-nin baş direktoru İmran Arzumanzadə də iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, konsertdən öncə çıxışlarda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin təntənəli şəkildə qeyd olunması, 2019-cu ilin respublikamızda “Nəsimi ili” elan edilməsi, eyni zamanda, Sumqayıta şəhər statusunun verilməsinin 70 illik yubileyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan danışılıb, bu istiqamətlərdə şəhərdə görülən işlər diqqətə çatdırılıb.

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivinin iştirakı ilə ansamblın solistlərinin ifasında səslənən xalq və bəstəkar mahnıları, həmçinin milli rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə Azərbaycanın böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin qəzəllərinin bədii qiraəti və muğamlar da dinləyicilərdə xoş ovqat yaradıb.

Konsert boyu Prezident İlham Əliyev Sumqayıta səfərləri, şəhərə göstərdiyi diqqət və qayğı, aparılan abadlıq və quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması, nəticə etibarilə Sumqayıtın gözəl bir şəhərə və regionun ən böyük sənaye mərkəzlərindən birinə çevrilməsi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.