REGİONLAR
Sumqayıt kollecində “Açıq qapı” günü
Sumqayıt, 10 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Dövlət Universitetinin (SDU) nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində təşkil olunan “Açıq qapı” günündə İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak ediblər.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasını izləyən İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri ilə görüşən Sumqayıt Dövlət Texniki Kollecinin direktoru, Əməkdar müəllim Mətanət Pirquliyeva tədris müəssisəsi haqqında ətraflı məlumat verib.
Bildirilib ki, kollecdə payız semestrinin imtahanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun həyata keçirilir. 2018-2019–cu tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə kollecdə qərargah yaradılıb.
Mətanət Pirquliyeva onu da qeyd edib ki, imtahan sessiyasının gedişi ilə bağlı baş verə biləcək neqativ halların qarşısını almaq məqsədilə kollecdə “Təklif və iradlar qutusu” var. Rəsmi qaydada təyin olunmuş əməkdaşlardan ibarət nəzarətçilər və imtahan rəhbərləri tərəfindən imtahanların gedişinə ciddi nəzarət edilir. İmtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir.
Sonra kollecin tədris işləri üzrə direktor müavini Əsəd Qurbanov, valideynlər, qeyri-hökumət təşkilatları və KİV nümayəndələri imtahan prosesini izləyiblər, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanıblar.
Tələbələr KİV nümayəndələrinin suallarını cavablandıraraq imtahan prosesinin onları qane etdiyini bildirdilər. Qeyd edilib ki, sualların hamısı semestr boyu keçdikləri mövzuları əhatə edir.