İDMAN


“Sumqayıt” komandası “Səbail”in qapısından iki cavabsız top keçirib

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də “Sumqayıt”-“Səbail” matçı ilə futbol üzrə Azərbaycan çempionatının IX turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Kapital Bank Arena”da oynanılan görüşdə ev sahibləri qonaq komandanın qapısından iki cavabsız top keçiriblər.

Fərid Hacıyevin idarə etdiyi oyunda hesab matçın 37-ci dəqiqəsində açılıb. Sumqayıtlıların heyətində Rəhim Sadıqov adını tabloya yazdırıb – 1:0. Qarşılaşmanın 63-cü dəqiqəsində Nikolas Rayselin qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılmasından sonra “Səbail” futbolçuları meydanda sayca azlıqda qalıblar. Bundan istifadə edən “Sumqayıt” 74-cü dəqiqədə Səid Rzanın qolu ilə hesab arasındakı fərqi iki topa çatdırıb. Beləliklə, “Sumqayıt” doğma meydanda “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Bununla da Premyer Liqanın IX turuna yekun vurulub. Turun digər görüşlərində “Zirə” ev oyununda “Keşlə”ni (2:0), “Qarabağ” komandası “Neftçi”ni (4:0), “Sabah” isə səfərdə “Qəbələ”ni (3:1) məğlub edib.

Doqquz turdan sonra çempionata 20 xalla “Qarabağ” komandası liderlik edir. Ağdamlıları 17 xalla “Neftçi” izləyir. Hər ikisinin aktivində 15 xal olan “Qəbələ” üçüncü, “Zirə isə dördüncüdür. Bugünkü görüşdə qazandığı qələbə sayəsində “Səbail”i (9 xal) bir pillə geridə qoyan “Sumqayıt” (11 xal) beşinci pilləyə yüksəlib. Aktivində 7 xal olan “Keşlə” yeddinci, onunla eyni xal toplayan “Sabah” sonuncu pillədə qərarlaşıb.

Çempionatın növbəti – X turunun oyunları noyabrın 6-7-də keçiriləcək.

Xatırladaq ki, Peşəkar Futbol Liqası (PFL) Vətən müharibəsində şanlı Qələbənin birinci ildönümü münasibətilə futbol üzrə Premyer Liqanın X turunun “Zəfər turu” elan olunması barədə qərar qəbul edib.

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək əzəli torpaqlarımızı işğaldan azad edib. Prezident İlham Əliyevin ötən il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.