ELM VƏ TƏHSİL


Sumqayıt məktəblərinə yay məktəbi çərçivəsində mediatur təşkil edilib

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də Sumqayıt şəhər 9 və 25 nömrəli tam orta məktəblərə yay məktəbi çərçivəsində mediatur təşkil edilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, mediaturun təşkilində məqsəd media nümayəndələrini bu ildən ümumi təhsil müəssisələrində təşkil edilən yay məktəbi çərçivəsində görülən işlərlə əyani tanış etmək olub.

Mediatur iştirakçıları hər iki yay məktəbində yaradılan şəraitlə tanış olub, tədris prosesinin gedişatını izləyib, müəllim və şagirdlərlə söhbət aparıblar.

Yay məktəbi çərçivəsində şagirdlərə keçirilən ustad dərsləri də izlənilib. Ustad dərslərində 31-ci beynəlxalq biologiya olimpiadasının qalibi Mətin Muradlı və “Buglance” şirkətinin təsisçisi və direktoru, startapçı gənc sahibkar Toğrul Səməd iştirak edib.

Mətin Muradlı şagirdlərlə görüşdə olimpiadalara hazırlıq prosesindən danışıb, uğur sirrini onlarla bölüşüb. Toğrul Səməd isə maliyyə savadlılığından söz açıb, məktəbdən sonra müstəqil həyata atılan addımların düzgün ölçülməsi ilə bağlı təcrübələrini bölüşüb.

Daha sonra şagirdlərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mediatur iştirakçılarına məlumat verilib ki, yay məktəbində I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. Yay məktəbi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib və iyunun 30-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.