ELM VƏ TƏHSİL
Sumqayıt orta məktəblərinin rəhbərləri “Azərikimya” Sumqayıt Təlim-Tədris Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar
Sumqayıt, 29 yanvar (AZƏRTAC). Yanvarın 29-da “Azərikimya” İstehsalat Birliyinin təşəbbüsü ilə Sumqayıt şəhər Təhsil şöbəsi və orta məktəb rəhbərlərinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sumqayıt Təlim-Tədris Mərkəzində (STTM) kollektiv tanışlıq-görüşü təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin Sumqayıta səfərlərini və kimyaçılarla görüşlərini əks etdirən foto-stendlərlə tanış olmuşlar.
Sonra təhsil sistemi işçilərinə ARDNŞ-in müasir tələblər səviyyəsində yaratdığı Təlim-Tədris Mərkəzi haqqında geniş məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, STTM-də müxtəlif ixtisaslara yiyələnmək üçün ötən ilin sentyabrında 300-ə yaxın sumqayıtlı gənc müraciət etmiş, onlardan 100 nəfəri test imtahanı yolu ilə qəbul edilmişdir.
Burada gənclər tornaçı, kompressor qurğuları maşinist, elektrik və qaz qaynaqçısı, nəzarət-ölçü cihazları üzrə çilingər və s. peşələr üzrə texniki təhsil alırlar. STTM-də şagirdlər üçün xarici dil də tədris olunur.
Tədbirin sonunda şəhər təhsil işçiləri “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovla görüşərək, TTM-lə tanışlıqdan aldıqları xoş təəssüratlarını bölüşmüş və gənc kadrların bu müasir Mərkəzdə hazırlığı, orta məktəb məzunlarının burada yüksək peşə təhsili almaları ilə bağlı fikir və mülahizələrini, təkliflərini bildirmişlər. Məktəb direktorları kimyaçıların təşəbbüsü ilə təşkil olunmuş bu tədbirin həm onlar, həm də onların peşə seçimində məsləhətə, köməyə ehtiyacı olan məzunlar üçün böyük əhəmiyyət kəsb etdiyini bildirmişlər.