CƏMİYYƏT
Sumqayıt polisi koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi reyd keçirib VİDEO
Bakı, 29 mart, AZƏRTAC
Sumqayıtda koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən əhali arasında profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mütəmadi olaraq keçirilən tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin küçə və prospektlərində insanlarla izahedici söhbətlər apararaq, vətəndaşları tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, qoruyucu tibbi maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar.
Reyd zamanı ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb, sürücülərə xəbərdarlıq olunub.
Həmçinin profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.
Reydlər zamanı şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib. Mağazalara maskasız daxil olan alıcılar və həmin obyektlərin əməkdaşları polislər tərəfindən cərimələniblər.
Tədbirlər çərçivəsində insanların sıx toplaşdığı bank və digər obyektlərin qarşısında sosial məsafənin gözlənilməsi polis əməkdaşları tərəfindən təmin edilib.
Vətəndaşlardan koronavirusla mübarizədə ən effektiv üsullardan olan sosial məsafəni qorumaqla yanaşı, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan mütəmadi istifadə etmələri xahiş və tələb olunur.