REGİONLAR


Sumqayıt polisi son altı ayda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkarlayıb

Sumqayıt, 19 iyul, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilməsi istiqamətində silsilə əməliyyatlar həyata keçirilər.

AZƏRTAC xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində Sumqayıtda evlərin birində yarım kiloqrama yaxın heroin aşkarlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “Ceyranbatan bağları” yaşayış massivinin sakini Maqbet Bəşirov saxlanılıb. Araşdırma zamanı 41 yaşlı M.Bəşirovun narkotik vasitəni Bakıda İran vətəndaşından aldığı məlum olub. Saxlanılan şəxsin daha bir cinayət əməlinin üstü açılıb. Onun yaşadığı evdə kustar üsulla hazırlanmış tüfəng də aşkarlanıb. Bununla yanaşı, M.Bəşirovun tanışı ilə birlikdə Sumqayıtın “Xəzər bağları” yaşayış massivində evlərin birindən motosiklet oğurladığı da məlum olub.

Əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş və Sumqayıtda “Betonzavod” massivində yaşayan 48 yaşlı Akif Məhərrəmov da həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun üzərindən elektron tərəzi və 33 bükümdə narkotik vasitə aşkarlanıb.

Akif Məhərrəmovun məhkumluğundan ikisi narkotik vasitələrlə bağlı olub. Belə ki, o, Cinayət Məcəlləsinin 234.1–ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə iki dəfə məhkum edilib.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq iki dost - şəhərin 41-ci məhəllə sakinləri Kənan İsmayılov və Valeh Məmmədov da saxlanılıblar. Hər iki şəxsin üzərinə baxış zamanı narkotik maddə aşkarlanıb. Kənan İsmayılov narkotik maddəni Valeh Məmmədovdan aldığını bildirib. Polis əməkdaşlarının Valeh Məmmədovun yaşadığı evdə həyata keçirdiyi axtarış tədbirləri nəticəsində müxtəlif bükümlərdə olan 11 qrama yaxın heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər istintaqa cəlb edilib, faktlarla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Sumqayıt Şəhər Polis İdarəsinin son altı ay ərzində keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt müəyyən olunub.

Sumqayıt Şəhər Polis İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.