REGİONLAR
Sumqayıt sakinlərinin telekommunikasiya xidmətlərindən istifadə imkanları genişləndirilir
Bakı, 23 aprel, AZƏRTAC
Sumqayıt sakinlərinin telekommunikasiya xidmətlərindən istifadə imkanları genişləndirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən pilot layihə çərçivəsində yaxın gələcəkdə telefondan istifadə tutumunun 18 min nömrə artırılaraq 77 min 600-ə, internetdən istifadə tutumunun isə 52 min 784 artaraq 75 min 136 abunəçi sayına çatdırılması nəzərdə tutulur.
“Aztelekom” MMC Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən həyata keçirilən işlər nəticəsində telekommunikasiya şəbəkəsində çöl tipli (outdoor) 39 avadanlıq quraşdırılıb və 35 kilometr fiber-optik (FO) kabel çəkilib. Hazırda mövcud şəbəkədə olan abunəçilərin mərhələli şəkildə yeni avadanlıqların üzərinə köçürülmə prosesi çərçivəsində 13 avadanlıq istismara verilib. Nəticədə 3 min 512 telefon və 2 min 105 internet istifadəçisinə yeni avadanlıqlar üzərindən daha keyfiyyətli xidmətlər təqdim olunur.
Bundan başqa, “Evədək Fiber” (Fiber to the Home – FTTH) şəbəkəsinin tikinti-quraşdırma işləri də icra olunmaqdadır.
Yeni inşa olunmuş binalarda çox xidmətli çıxış nöqtəsi (Multi-Service Access Node – MSAN) avadanlıqları ilə yanaşı, giqabit tutumlu Passiv Optik Şəbəkənin (Gigabit Passive Optical Network – GPON) tikinti-quraşdırma işləri də davam etdirilir. Nəzərdə tutulan işlər çərçivəsində şəhər ərazisində və yeni salınan yaşayış məntəqələrində (Xəzər bağları, Yaşıl dərə massivi) müasir şəbəkələr qurulub istifadəçilərin ixtiyarına verilir. Tikinti işləri ilə yanaşı, mütəmadi olaraq mövcud abunəçi şəbəkələrində də təmir-bərpa işləri aparılır.