REGİONLAR


Sumqayıt şəhər mədəniyyət müəssisələrində bayram tədbirləri keçirilib

Sumqayıt, 8 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə şəhərin mədəniyyət müəssisələrində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbirləri keçirilib.

İdarədən AZƏRTAC–a bildirilib ki, Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Nəğməkar analar, şair analar” adlı konsert proqramı təqdim olunub. Əvvəlcə uzun illər mədəniyyət sahəsində çalışmış Felman Lazımov xanımları təbrik edib, onlara xoş arzularını çatdırıb. Sonra gənc müğənnilər İbrahim Fərzəliyev, Şəbnəm Faiqqızı, Vasif Nəsirli, Pənah Məmmədli və Leyla Məmmədova öz mahnı sovqatları ilə xanımları təbrik edib.

Konsert Sumqayıtın 70 illiyi münasibətilə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Ritm bir dünyadır” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi ilə yekunlaşıb. Münsiflər heyətinin qərarı ilə 1, 2, 3-cü yerlərə layiq görülən və fəallığı ilə fərqlənən müsabiqə iştirakçılarına Mədəniyyət Mərkəzi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Dörd saylı Diyarşünaslıq klubunun özfəaliyyət kollektivinin təşkil etdiyi konsert proqramında “Aleqro” rəqs qrupunun ifasında hind rəqsi, “Xəmsə” instrumental ansamblının ifasında musiqilər, solistlər Rüstəm Dadaşov, Elməddin Eyyubovun ifasında şən mahnılar, uşaqlardan ibarət xor qrupunun ifasında “Anacan” mahnısı maraqla dinlənilib. Sonra klubun qiraət dərnəyinin üzvlərinin ifasında səslənən şeir və təbriklərdən ibarət kompozisiya tədbirə xüsusi ovqat qatıb. Daha sonra tədbir iştirakçıları klubun rəsm kursu üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirin təşkilində fərqlənən dərnək üzvləri fəxri fərmanlarla təltif olunublar.

Növbəti tədbir Bülbül adına Uşaq incəsənət məktəbində reallaşıb. Burada təşkil olunan konsert proqramında xanəndə müəllimlərdən Əfras Məmmədov, Əsgər İsmayılov öz ifaları ilə qadınları təbrik edib. Sonra müəllimlərdən İlhamə Yusif qızı, Ruslan Tağıyev, Habil Əliyevin ifasında xalq və bəstəkar mahnıları, məktəbin müəllim və şagirdlərindən ibarət birləşmiş xor kollektivinin çıxışı dinlənilib.

Qara Qarayev adına Uşaq musiqi məktəbində keçirilən tədbirdə məktəbin xor kollektivinin ifasında mahnılar, şagird və müəllim kollektivinin ifasında xalq mahnı və rəqsləri, həmçinin bəstəkar əsərləri ifa edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.